Mingəçevir və Gəncə şəhərlərində region gənclərinin iştirakı ilə festivallar keçiriləcək

Mingəçevir və Gəncə şəhərlərində region gənclərinin iştirakı ilə festivallar keçiriləcək Kür çayında bir sıra su oyunları və yarışları təşkil olunacaq
Elm və təhsil
2 Aprel , 2015 15:49
Mingəçevir və Gəncə şəhərlərində region gənclərinin iştirakı ilə festivallar keçiriləcək

Bakı. 2 aprel. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Mingəçevir və Gəncə şəhərlərində festivalların keçirilməsinə hazırlaşır. Bu barədə “Report”a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Yaxın günlərdə baş tutacaq festivallarda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə, Azərbaycanın ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək verəcəklər. Festivallarda uşaq və yeniyetmələrin, eyni zamanda, gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdiriləcək, gənclər arasında viktorinalar keçiriləcək. Avropa Oyunlarının Mingəçevir şəhərində də keçiriləcəyini nəzərə alaraq, festival çərçivəsində Kür çayında bir sıra su oyunları və yarışları da təşkil olunacaq. Hazırda hər 2 şəhərdə bu festivallara hazırlıq məqsədilə yaradıcı gənclər üçün təlimlər keçirilir, tədbirin proqramı üzərində iş aparılır. 

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir: "İlk Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilən andan dərhal hazırlıq işlərinə start verildi. Bütün bunlar əsas verir ki, Azərbaycan belə möhtəşəm tədbirlərə ev sahibliyi edirsə, ölkənin gəncləri səfərbər olaraq dövlətin yanında olmalı və ictimai dəstəyini əsirgəməməlidir. Bunları nəzərə alaraq, biz daha çox region gəncinin iştirakı ilə ölkəmizdə keçirilən ilk Avropa Oyunlarına dəstək nümayiş etdirməyi və bütün diqqəti bu tədbirə yönəltməyi planlaşdırırıq".

Qeyd edək ki, layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasında da xüsusi rol oynayacaq.

Son xəbərlər

Orphus sistemi