Azərbaycanda milli transliterasiya standartları hazırlanır

Azərbaycanda milli transliterasiya standartları hazırlanır "Milli transliterasiya cədvəlləri (standartları) rəsmi şəkildə təsdiqləndikdən sonra bütün Azərbaycan üçün vahid sistemə çevriləcək"
Elm və təhsil
7 Fevral , 2015 17:01
Azərbaycanda milli transliterasiya standartları hazırlanır

Bakı. 7 fevral. REPORT.AZ/ AMEA Nəsimi adına Dilçilik İnstitutunda milli transliterasiya standartlarının hazırlanmasına başlanılıb. Bu barədə "Report"a İnstitutun monitorinq şöbəsinin böyük elmi işçisi Rasim Heydərov məlumat verib.

O bildirib ki, başqa dillərdən keçən sözlərin Azərbaycan dilində necə yazılması ilə bağlı təsdiqlənmiş standartlar yoxdur: "Bu məsələ "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na salınıb. Hazırda Dilçilik İnstitutunda bu istiqamətdə sistemli iş gedir. Transliterasiya sisteminin ingilis dilinə aid olan cədvəli hazırlanaraq Azərbaycan Dillər Universitetinə göndərilib və müsbət cavab alınıb". 

R.Heydərov deyib ki, Azərbaycan dili qrammatikasında yalnız rus dili üçün konkret qaydalar var və bu da uzun illər ölkədə rus dilinin geniş istifadəsi ilə bağlıdır: "Hazırda lüğətimizə ingilis, rus, ərəb, fars və başqa dillərdən sözlər daxil olur. Bu səbəbdən də bütün dillər üçün transliterasiya cədvəlləri hazırlamaq labüd məsələyə çevrilib".

Mövcud cədvəlin İnstitut və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənməli olduğunu vacib hesab edən şöbə rəsmisi əlavə edib ki, milli transliterasiya cədvəlləri (standartları) rəsmi şəkildə təsdiqləndikdən sonra bütün Azərbaycan üçün vahid sistemə çevriləcək".

Xatırladaq ki, transliterasiya sözlərin və ya mətnin uyğun qaydalara əsasən başqa əlifbaya çevrilməsidir. Linqvistika nöqteyi nəzərindən transliterasiya isə mətnin bir yazı sistemindən digərinə sözbəsöz və ya daha ideal olaraq hərfbəhərf çevrilməsidir.

Son xəbərlər

Orphus sistemi