Mikayıl Cabbarov: "Zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələr hazırlanacaq"

Mikayıl Cabbarov: "Zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələr hazırlanacaq" "Elə bölgələr və məktəblər var ki, onlar ümumrespublika göstəricilərindən xeyli dərəcədə aşağı nəticələr göstərir"
Elm və təhsil
19 Aprel , 2016 16:38
Mikayıl Cabbarov: Zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələr hazırlanacaq

Bakı. 19 aprel. REPORT.AZ/ "Təhsil Nazirliyinin diqqət mərkəzində ilk növbədə zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələrin hazırlanmasıdır". "Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan üçün öyrət" layihəsinin təqdimatında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ümumrespublika göstəricilərindən xeyli dərəcədə aşağı nəticələr göstərən bölgələr və məktəblər var: "Nəzərdə tutulan layihənin məqsədi ilk növbədə ümumi nəticələri respublika səviyyəsindən daha aşağı olan məktəblər, yaxud akademik nailiyyətləri daha zəif olan şagirdlər üçün bərabər imkanların yaradılmasıdır. Təbii olaraq, bu hallar baş verdikdə ən mürəkkəb və ən vacib məsələ ondan ibarətdir ki, zəif akademik nailiyyətləri şərtləndirən amillər nədir? Onların kökü haradan qaynaqlanır? Məktəbdədirmi, təhsil sistemindədirmi, məktəbin idarə edilməsindədirmi? Yoxsa sosial faktorlardadır - ailə, sosial-iqtisadi səviyyədir? Çox güman ki, bu, müxtəlif faktorların - təhsil sisteminə məxsus olan faktorlardan, amma eyni zamanda təhsil sistemindən kənar olan faktorların birləşməsidir. Müxtəlif şəraitdə olan vətəndaşlarımız, şagirdlərimiz nəticə etibarilə müxtəlif akademik nəticələrə imza atmış olurlar, müxtəlif nailiyyətlər göstərirlər".

Son xəbərlər

Orphus sistemi