Yuxarı
    Bağlamaq

    Mikayıl Cabbarov: "Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün müzakirələr davam edir"

    Nazir: İkinci dövlət proqramının həyata keçirilməsi Azərbaycan universitetlərinin bazasında olmalıdır
    © Report/ Firi Salim — Təhsil naziri Mikayıl Cabbarov

    Bakı. 24 oktyabr. REPORT.AZ/ "Magistr və doktorantların ümumi təqaüdlər sayında göstəricini 63 faizdən daha çox, yəni 85-90 faizə çatdırılmasını qarşıya hədəf kimi qoymuşuq".

    "Report" xəbər verir ki, bunu Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında deyib.

    Onun sözlərinə görə, ölkədə elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu olub: "2017-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ayrılan 3558 təqaüddən 63 faizi magistratura və doktorantura pilləsi üzrə təhsil almasına yönəldilib. Bu o deməkdir ki, həmin gənclər Azərbaycanda elm və təhsilin inkişafına öz töhfələrini verəcəklər".

    Nazir eyni zamanda, ikinci dövlət proqramının həyata keçirilməsi məsələsinə toxunub: "Biz inanırıq ki, ikinci dövlət proqramının həyata keçirilməsi Azərbaycan universitetlərinin bazasında olmalıdır. Başqa sözlə biz dövlətin resurslarını tələbələrin magistratura və doktorantura pilləsi üzrə təhsillərini xarici ölkələrdə deyil, məhz bunun üçün müvafiq elmi və kadr potensialı olan yerli ali təhsil müəssisələrinin bazasında həyata keçirməliyik. Hazırda yeni dövlət proqramının hazırlanması istiqamətində hökumətdaxili müzakirələr davam edir".

    M.Cabbarov hesab edir ki, müxtəlif sahələr üzrə elmi kadr hazırlığının artırılmasına xüsusi diqqət yetirməlidir: "Hazırda təhsilalan doktorantların əksəriyyəti humanitar, sosial və iqtisadiyyat sahələrinin payına düşür. Lakin milli iqtisadiyyatımızın prioritetləri texnoloji, texniki, təbiət və kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasına xüsusi diqqət yetirilməsini tələb edir".

    O, həmçinin əlavə edib ki, 2017-ci ildə SABAH qruplarından məzun olan 720 nəfərin 50 faizdən çoxu ölkənin, 115 məzun isə xarici ölkələrin ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olub: "Bu da Azərbaycan elminin gəncləşməsinə öz töhfəsini verəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi