Mikayıl Cabbarov Sabirabaddakı orta məktəbdə "Son zəng" tədbirində iştirak edib

Mikayıl Cabbarov Sabirabaddakı orta məktəbdə "Son zəng" tədbirində iştirak edib Təhsil naziri rayonun Cavad kəndində mərhum müəllim Əhliman Hüseynovun ailəsi və qohumları ilə görüşüb
Elm və təhsil
29 May , 2015 16:10
Mikayıl Cabbarov Sabirabaddakı orta məktəbdə Son zəng tədbirində iştirak edib

Bakı. 29 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbdə "Son zəng" tədbirində iştirak edib. 

Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, rayon təhsil ictimaiyyətinin nümayəndələri və valideynlər iştirak ediblər.

"Son zəng" tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dunyagörüşün formalaşdırılması olduğunu bildirib.

O, məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq, ölkənin gələcək inkişafı naminə həyata keçirilən bütün tədbirlərdə fəal şəkildə təmsil olunacaqlarına əminliyini ifadə edib: "Bu məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ötən ilin dekabrında avtomobil qəzası nəticəsində Kür çayına düşmüş III sinif şagirdini xilas etmək naminə öz həyatını qurban verdiyini xatırladan Mikayıl Cabbarov onun qəhrəmanlığının hər kəsə nümunədir".

Çıxışının sonunda "Son zəng" münasibətilə məzunları təbrik edən nazir onlara gələcək təhsillərində və həyatda uğurlar arzulayıb.

Daha sonra məktəbin məzunları onları həyatın yeni mərhələsinə hazırlayan müəllimlərə təşəkkürlərini bildiriblər.

Mərasim şagirdlərin hazırladıqları "Son zəng" ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Qeyd edək ki, Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəb ümummilli lider Heydər Əliyevin təşəbbüsi ilə 1979-cu ildə inşa olunaraq istifadəyə verilib. Təhsil müəssisələrinin hər birinə diqqətlə yanaşan ümumilli lider 1999-cu ildə məktəbin 20 illiyi ilə bağlı kollektivə təbrik məktubu göndərib.

Məktəbdə hazırda 1271 şagird təhsil alır. 2013-2014-cü tədris ilində 37 nəfər məzun ali məktəblərə qəbul olunub. Müasir tədris inventarları və avadanlıqları ilə təchiz olunmuş məktəb kurikulum hazırlıqları üzrə resurs mərkəzidir.

Məktəbin iki məzunu Azərbaycan Prezidentinin təqaüdinə layiq görülüb. 2015-ci ilin aprel ayında keçirilən Respublika Fənn Olimpiadasında məktəbin bir şagirdi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadanın gümüş mükafatçısı olub. Məktəbin bir məzununun adı isə Azərbaycanın gənc istedadlarının "Qizil kitab"ına yazılıb və o, ölkə Prezidentinin xüsusi aylıq təqaüdinə layiq görülüb.

Sonra təhsil naziri Mikayıl Cabbarov rayonun Cavad kəndində mərhum müəllim Əhliman Hüseynovun ailəsi və qohumları ilə görüşüb, onlara başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi