Yuxarı

Mikayıl Cabbarov rayonlarda diaqnostik qiymətləndirilmənin keçirilməsi ilə bağlı əmr imzalayıb

İlk sınaq qiymətləndirmə Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək

Bakı. 16 oktyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə əmr imzalayıb. Nazirlikdən "Report"a bildirilib ki, əmrə əsasən, Azərbaycanın 12 rayon və şəhərində keçirilməsi nəzərdə tutulan qiymətləndirmənin tarixləri müəyyənləşdirilib.

Əmrdə qeyd olunub ki, noyabr-dekabr aylarında Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

İlk sınaq qiymətləndirmə Masallı Olimpiya İdman Kompleksində 28-30 noyabrda Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək. Dekabrın 4-7-də İmişli , Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 11-12-də Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində imtahan verəcəklər. Dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.

Qeyd edək ki, 2016-cı ilin yanvarından həmin rayon və şəhər müəllimlərinin əmək haqlarının artırılması planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi