​Mikayıl Cabbarov: “Ötən bir ildə təhsil sahəsində müəyyən nailiyyətlər əldə olunub”

​Mikayıl Cabbarov: “Ötən bir ildə təhsil sahəsində müəyyən nailiyyətlər əldə olunub” “Problemlərin həlli istiqamətində ən səmərəli yollar haqqında məlumatlar mübadiləsini həyata keçirməliyik”
Elm və təhsil
18 Dekabr , 2014 11:32
​Mikayıl Cabbarov: “Ötən bir ildə təhsil sahəsində müəyyən nailiyyətlər əldə olunub”

Bakı. 18 dekabr. REPORT.AZ/ "Hazırda dünyada baş verən qloballaşma prosesi ilə əlaqədar xalqlarımız tamaşaçı rolunu deyil, fəal iştirakçı rolunu oynayır. Bunu təmin etmək üçün ən vacib vasitə təhsildir". "Report" xəbər verir ki, bunu TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin Beşinci İclasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir deyib ki, Ermənistan tərəfindən həyata keçirilən işğal və təcavüzə baxmayaraq, Azərbaycan təhsilin müxtəlif sahələrində təhsil hüququnu təmin etmək sahəsində 100 faizlik göstəriciyə malikdir: “Türkdilli ölkələr təhsil sahəsində eyni problemlərlə rastlaşır. Məktəbəqədər təhsilə bütün uşaqların cəlb olunması, məktəbi erkən tərk etmə hallarının qarşısının alınması, texniki-peşə təhsilinin keyfiyyətinin gücləndirilməsi və nüfuzunun artırılması, ən əsası ümumiyyətlə, təhsilin iqtisadi-sosial inkişafla əlaqəsinin təkmilləşdirilməsidir. Hesab edirəm ki, problemlərin həlli istiqamətində ən səmərəli yollar haqqında məlumatlar mübadiləsini həyata keçirməliyik”.

M.Cabbarov Azərbaycanın hazırda təhsil sahəsində islahatların yeni bir mərhələsindən keçdiyini söyləyib: “Bu islahatlar 2013-cü ilin oktyabr ayında prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsaslanır və bu sahədə fəal işlər aparılır. Artıq müəyyən nailiyyətlər əldə olunub. Biz türkdilli həmkarlarımızla bu məlumatları paylaşmağa hazırıq. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Ölkələrin Təhsil Nazirlərinin Üçüncü İclası Bakıda keçirilib, maraqlı müzakirələr aparılıb, vacib qərarlar qəbul edilib. Bütün bunlar türkdilli xalqları və ölkələri birləşdirən təşkilatlar arasında əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edir. Əminəm ki, xalqlarımız yalnız türkdilli xalqları birləşdirən təşkilatlar çərçivəsində deyil, həmçinin müvafiq beynəlxalq təşkilatlar formatında da əməkdaşlıq etməlidir. Bu, ilk növbədə YUNESKO-ya aiddir”.

M.Cabbarov qeyd edib ki, 2015-ci il 19-22 may tarixlərində Cənubi Koreyada YUNESKO-nun Dünya Təhsil Forumu keçiriləcək: “Gələn il 2000-ci ildə qəbul olunmuş BMT-nin Minilliyin İnkişaf Hədəfləri Proqramının müddəti bitir və onun əvəzinə Davamlı İnkişaf Hədəfləri Proqramı qəbul olunacaq. Ölkələrimiz bu proqram çərçivəsində də daim əməkdaşlıq aparmalıdır”.

Son xəbərlər

Orphus sistemi