Mikayıl Cabbarov: "Növbəti dörd-beş ildə birinci sinfə gedən şagirdlərin sayı kifayət qədər artacaq"

Mikayıl Cabbarov: "Növbəti dörd-beş ildə birinci sinfə gedən şagirdlərin sayı kifayət qədər artacaq" "Bu da təbii ki, təhsil sistemi üçün bir sıra çağırışlar, o cümlədən yeni siniflərin açılması və bir çox müəllimlərin hazırlanması deməkdir"
Elm və təhsil
2 Mart , 2016 13:21
Mikayıl Cabbarov: Növbəti dörd-beş ildə birinci sinfə gedən şagirdlərin sayı kifayət qədər artacaq

Bakı. 2 mart. REPORT.AZ/ "Növbəti dörd-beş ildə birinci sinfə gedən şagirdlərin sayı kifayət qədər artacaq". "Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bunun səbəblərini də açıqlayıb: "Çünki müsbət demoqrafik vəziyyətin nəticəsi olaraq hər il birinci sinfə gələn şagirdlərin sayı artır. Bu da təbii ki, təhsil sistemi üçün bir sıra çağırışlar, o cümlədən yeni siniflərin açılması və bir çox müəllimlərin hazırlanması deməkdir".

Bu istiqamətdə bütün zəruri tədbirlərin həyata keçirildiyini qeyd edən M.Cabbarov bildirib ki, keçən ildən Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat elektron formada aparılır: "Məqsəd prosesin sadələşdirilməsi, şəffaflaşdırılması və insan ünsiyyətinin və faktorunun minimuma endirilməsidir".

Xatırladaq ki, Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 1-dən aprelin 5-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 13-dək həyata keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq.

Qeyd edək ki, 2015-2016-cı tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I siniflərinə 150 mindən çox şagird qəbul olunub. Keçən il Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlərin sayı 42 723 nəfər olub. 

Son xəbərlər

Orphus sistemi