Yuxarı

Mikayıl Cabbarov: "Müəllimlərin maddi rifahının əhəmiyyətli şəkildə yaxşılaşdırılmasını əsas hədəf kimi götürmüşük"

2 il əvvəl müəllimlərin işə qəbulu ilə bağlı müraciətlərin sayı 17 min idisə, bu il 24 min nəfər olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ "İstənilən təhsil sisteminin gücü orada çalışan müəllimin gücündən artıq ola bilməz. Bütün nailiyyətlərin kökündə müəllim və insan faktoru durur". "Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, keçən ildən müəllimlərin sınaq və diaqnostik qiymətləndirilməsinə start verilib: "Bununla da müəllimlərin maddi rifahının əhəmiyyətli şəkildə yaxşılaşdırılmasını əsas hədəf kimi götürmüşük. Bu günə qədər müəllimlərin 20 faizi diaqnostik qiymətləndirilmədən keçib və bu ilin yanvar ayından onlar artırılmış əmək haqqını alırlar. Eyni zamanda, bu ilin sonunda ölkənin ən iri 3 şəhər və 9 rayonunda növbəti qiymətləndirilmənin keçirilməsi üçün hazırlıq işləri başa çatır. Hər şey planlaşdırılan şəkildə olsa, gələn ilin yanvarından təxminən 40 faiz müəllim bu prosesdə iştirak edəcək".

M.Cabbarov onu da qeyd edib ki, 2 il əvvəl müəllimlərin işə qəbulu ilə bağlı müraciətlərin sayı 17 min idisə, bu il 24 min nəfər olub: "Bu da iki ilə 45 faiz artım deməkdir. Bundan başqa, regionlarda müəllimlik vakansiyaları şəffaf şəkildə tutulur. Gələcəkdə də bu istiqamətdə işlərimiz davam edəcək".

Müəllim nüfuzunun artırılması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərə toxunan M.Cabbarov bu baxımdan müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Sonda təltif olunan təhsil işçilərinə mükafatlar təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi