Yuxarı

​Mikayıl Cabbarov: "Məktəbəhazırlıq dövlət hesabına olacaq"

Hökumət təklifimizə müsbət baxıb və baş nazir müvafiq qərar imzalayıb

Bakı. 14 iyul. REPORT.AZ/ "Təhsil Nazirliyi dövlət hesabına məktəbəhazırlıq qruplarının yaradılması ilə bağlı verilən qərarın həyata keçirilməsi üçün hazırlıq işləri aparmalıdır". 

"Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Onun sözlərinə görə, ödənişsiz məktəbəhazırlıq kursları maddi-texniki bazası buna imkan verən məktəblərdə təşkil ediləcək: "Məktəbəhazırlıq ölkənin orta və uzunmüddətli inkişafına təsir edən ən vacib təhsil pilləsidir. "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda məktəbəhazırlıqla bağlı təhsilin səviyyəsinin qeyri-qənaətbəxş olması qeyd edilib. Həmin sənəddə məktəbəqədər təhsillə əhatənin ölkə üzrə 90 faizə çatdırılması qarşıya məqsəd kimi qoyulub. Hazırda bu göstərici 20 faizdən aşağıdır. İnanıram ki, bu addım nəticəsində məktəbəhazırlıqla bağlı təhsillə əhatə dairəsi mövcud səviyyədən bir neçə dəfə artacaq. Biz buna marağın yüksək olacağını proqnozlaşdırırıq".

Mikayıl Cabbarov bildirib ki, məktəbəhazırlıq kursları tamamilə könüllü prosesdir: "İstənilən valideyn övladının məktəbəhazırlığa cəlb olunmasına qərar verə bilər. Valideyn belə bir qərar verdiyi təqdirdə dövlət tərəfindən təmin olunacaq".

O, həmçinin xatırladıb ki, Təhsil Nazirliyi iki il bundan əvvəl pullu məktəbəhazırlıq kurslarını yaratmağa başlayıb: "Həmin kurslar dövlət büdcəsində məktəbəhazırlıq üçün Təhsil Nazirliyinə hər hansı vəsait nəzərdə tutulmadığından pullu olub. Çünki uşaq bağçaları yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir. Bu layihə iki il ərzində uğurla icra olunub. Minlərlə uşaq bu kurslara cəlb olunub. Bu, həmin uşağın gələcək təhsil göstəricilərinə birbaşa təsir göstərir. Bu səbəbdən Təhsil və Maliyyə nazirlikləri Nazirlər Kabineti qarşısında belə praktikanın bütün ölkə üzrə tədbiq edilməsi ilə bağlı vəsatət qaldırdı. Nəticədə hər bir vətəndaş üçün ödənişli əsaslarla deyil, dövlət büdcəsi hesabına belə imkan yaradıldı. Hökumətin bu təklifə müsbət baxmasından və baş nazirin müvafiq qərar imzalamasından məmnun olduq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi