Mikayıl Cabbarov I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüşüb

Mikayıl Cabbarov I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüşüb Oyunlarda ölkəni təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir
Elm və təhsil
4 May , 2015 16:01
Mikayıl Cabbarov I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüşüb

Bakı. 4 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov bu gün nazirlik nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüşüb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Təhsil naziri Mikayıl Cabbarov ölkədə müasir təhsil sisteminin qurulması sahəsində əsas strateji istiqamətləri müəyyən edən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsi, istedadının, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məsələlərinə xüsusi önəm verildiyini bildirib: "Bu baxımdan məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq və gənclərin fziki cəhətdən sağlam böyümələri, yaradıcılıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi olduqca əhəmiyyətlidir".

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından söhbət açan nazir ötən il idman və şahmat məktəbləri yetirmələrinin respublika səviyyyəli yarışlarda 1604 medal, beynəlxalq yarışlarda 390 medal (116-sı qızıl, 118-i gümüş, 156-sı bürünc), ümumilikdə 1 994 medal qazandığını nəzərə çatdırıb.

I Avropa Oyunları ərəfəsində ölkədə aparılan təşviqat kompaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən təşkil olunan kütləvi idman tədbirlərinə diqqət çəkən Mikayıl Cabbarov bildirib ki, müvafiq yarışlar ilk Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması məqsədilə keçirilib: "Təsadüfi deyil ki, I Avropa Oyunlarında ölkəni təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar".

Azərbaycanda olimpiya hərəkatının müstəqillik illərində təşəkkül tapdığını vurğulayan təhsil naziri ümummilli lider Heydər Əliyev tərəfindən idmanın inkişafına xidmət edən dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, olimpiya hərəkatının daha da genişləndiyini nəzərə çatdırıb. Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançılara uğurlar arzulayan nazir deyib ki, layiqli çıxış əvvəlki göstəricilərdən daha yaxşı nəticələr əldə etməkdir.

I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilər görüşə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, qarşıdan gələn möhtəşəm idman qarşılaşmalarında doğma divarlar amilinin onları Azərbaycanı layiqincə təmsil etməyə ruhlandıracağını bildiriblər.

Son xəbərlər

Orphus sistemi