Yuxarı

Mikayıl Cabbarov: "Hacıbala Abutalıbovun fikri ilə tanış deyiləm, yəqin anlaşılmazlıq olub"

İşlər qrafikə uyğun aparılsa, 20 nömrəli məktəbin tikintisinin 2016-2017-ci ildə başa çatdırılması planlaşdırılır

Bakı. 9 iyun. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Bakıda yerləşən və söküntüsü həyata keçirilən 20 saylı məktəbin yerində park salınması məsələsinə aydınlıq gətirib. "Report"un xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, məktəbin eskiz layihəsi Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənib.

Nazir bildirib ki, əgər işlər qrafikə uyğun aparılsa, o zaman 20 saylı məktəbin tikintisinin 2016-2017-ci ildə başa çatdırılması planlaşdırılır.

M.Cabbarov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 20 saylı məktəbin ərazisində park salınması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib: "Hacıbala Abutalıbov təhsillə bağlı olan adamdır. Mən onun fikri ilə tanış deyiləm. Yəqin ki, anlaşılmazlıq olub. Düşünürəm ki, bu işdə heç bir problem olmayacaq. Bir faktı da qeyd edim ki, Bakı Şəhər İcra Hakimiyyəti son illərdə onlarla məktəbi təmir etdirərək təhvil verib. Həmin məktəblərdə paytaxtda yaşayan on minlərlə şagird təhsil alır. Paytaxt sakini olaraq o şagirdlərin adından Hacıbala Abutalıbova təşəkkürümü bildirirəm".

Təhsil naziri onu da qeyd edib ki, 20 saylı məktəbdə təhsil alan şagirdlər iki ayrı məktəbə yerləşdirilib: "20 saylı məktəb respublikada ən böyük məktəblərdən biridir. Orada 3 000-ə yaxın şagird oxuyur, 110-dan çox sinif var. Bir neçə innovativ, o cümlədən elektron tədrisi və təhsili tətbiq edən mexanizmlər 20 saylı məktəbdə tədris olunur. Çox böyük olduğuna görə orada təhsil alan şagirdləri yalnız iki ayrı məktəbdə yerləşdirə bilmişik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi