Yuxarı
    Bağlamaq

    Mikayıl Cabbarov Estoniya Təhsil Nazirliyinin rəsmisinə iradını bildirib

    Təhsil naziri: Bu kimi halların gələcəkdə təkrarlanmayacağına ümid edirəm

    Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Estoniyanın Təhsil Nazirliyinin baş katibinin müavini Madis Lepajoeni qəbul edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

    Qonaq Estoniya ilə Azərbaycanın keçdiyi inkişaf yolunda oxşarlıqların olmasını, hər iki ölkənin təhsil sahəsində bənzər çətinliklərlə üzləşdiklərini və Estoniyanın Avropa İttifaqı üzvlüyü çərçivəsində təhsil islahatları sahəsində əldə etdiyi təcrübəni Azərbaycanla paylaşmaqda maraqlı olduğunu bildirib. O, Estoniya və Finlandiyanın Azərbaycanda ali təhsil sisteminin inkişafına hədəflənmiş layihə irəli sürüldüyünü qeyd edərək, onun uğurlu olacağına ümid etdiyini bildirib.

    Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanla Estoniya arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və Estoniyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin dəyərli olacağını söyləyib, bu təcrübənin Azərbaycanla bölüşmək təşəbbüsünə görə minnətdarlığını ifadə edib.

    Eyni zamanda, Mikayıl Cabbarov bu ilin may ayında Estoniyanın Tartu Universitetinin Beynəxalq əlaqələr fakültəsinin tələbə və müəllimlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etməsinin ölkələr arasındakı mövcud dostluq münasibətlərinin ruhuna uyğun olmadığını və bu kimi halların gələcəkdə təkrarlanmayacağına ümid etdiyini nəzərə çatdırıb.

    M.Lepajoe sözügedən səfərdən təəssüfləndiyini bildirərək, Tartu Universitetinin rektorunun Azərbaycanın Estoniyadakı səfirliyinə məktub ünvanlayaraq bununla bağlı təəssüf hissi keçirdiyini ifadə etdiyini və Təhsil Nazirliyi olaraq gələcəkdə oxşar insidentlərin baş verməməsi məqsədilə ölkəsinin ali təhsil müəssisələri ilə müvafiq maarifləndirmə işinin həyata keçiriləcəyini söyləyib.

    Görüş zamanı eləcə də Azərbaycanla Estoniya arasında ali təhsil, ilk peşə-ixtisas təhsili, təhsil müəssisələrinin akkreditasiyası, təhsildə keyfiyyətin təmin olunması və akademik mobillik sahəsində mümkün əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.

    M.Lepajoe həmçinin, Avropa Velosiped İttifaqının vitse-prezidenti qismində qurumun Bakıda keçirilən İdarə Heyətinin iclasına qatılmaq, eləcə də I Avropa Oyunlarını izləmək və medal alan idmançıların mükafatlandırılmasında iştirak etmək üçün ölkəyə səfər etdiyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi