Yuxarı
    Bağlamaq

    Məleykə Abbaszadə: “Rezidentura imtahanları ilə bağlı test bankına yeni test tapşırıqları daxil edilib”

    © Report/ Firi Salim — DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

    Bakı. 23 yanvar. REPORT.AZ/ “Rezidentura” xüsusi buraxılışının 1-ci sayı Azərbaycan və rus dillərində nəşr olunacaq.

    Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, jurnalda baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydaları və baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunacaq.

    Nəşr olunacaq jurnalın "Ön sözü"nü DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yazıb. 

    M.Abbaszadə qeyd edib ki, 2017/2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılıb. Plan yerləri 93,07% dolub: müalicə işi, pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76%-i və tibbi profilaktika istiqaməti üzrə 24,59%-i boş qalıb. Tibbi profilaktika istiqaməti üzrə imtahan verən namizədlər ixtisas seçimi zamanı “Yoluxucu xəstəliklər” ixtisasına üstünlük veriblər, “Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin isə hamısı boş qalıb: "2017-ci ildə imtahanın birinci mərhələsinin - baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrinə əsasən imtahanda iştirak edən 1077 namizəddən müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) 665 nəfəri (61.74%) ikinci mərhələyə buraxılmış, onlardan 655 nəfəri imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmişdir. 2016-cı illə müqayisədə 2017-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrində müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, müsabiqə şərtini ödəmiş namizədlərin sayı 195 nəfər artmışdır ki, bunların da 162 nəfəri müalicə işi, pediatriya istiqaməti üzrə imtahan vermiş namizədlərdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında ən yüksək nəticə müalicə işi, pediatriya istiqaməti üzrə 83, stomatologiya istiqaməti üzrə 66, tibbi profilaktika istiqaməti üzrə 80 bal olub.

    2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul imtahanlarına hazırlıqla bağlı DİM-də sistemli şəkildə elmi-metodik və təşkilati işlər aparılır. Artıq qəbul imtahanlarının məzmununa dair zəruri elmi-metodik materiallar – baza və ixtisas fənləri üzrə qəbul proqramları, ixtisas seçimi cədvəli, tövsiyələr və s. yenidən işlənib hazırlanıb, eləcə də test bankına yeni test tapşırıqları daxil edilib. DİM rezidenturaya qəbul imtahanlarının məzmunu ilə yanaşı, qiymətləndirmə mexanizminin də təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Qabaqcıl ölkələrin bu sahədəki təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür. Namizədlərin imtahanlara müstəqil və daha səmərəli hazırlaşmalarına kömək üçün müxtəlif fənlər üzrə vəsaitlərin və test toplularının tərtibi və nəşri istiqamətində işlər davam etdirilir.

    Xatırladırıq ki, 2013-cü ildən etibarən rezidenturaya qəbul imtahanlarında bütün istiqamətlər üzrə açıq formalı test tapşırıqlarından istifadə olunur. Açıq formalı test tapşırıqlarının həlli üçün daha dərin nəzəri bilik və həmin bilikləri tətbiq etmək bacarığı tələb olunur. Qeyd etmək lazımdır ki, açıq formalı test tapşırıqları namizədlərin bilik və bacarıqlarının hərtərəfli üzə çıxarılmasına, onların əldə etdikləri bilikləri praktikada tətbiq etməsinə və qiymətləndirmədə yüksək hazırlıqlı namizədlərin fərqləndirilməsinə imkan verir. Ayrı-ayrı illərdə imtahanların nəticələrinin statistik təhlilləri göstərib ki, son illərdə açıq formalı test tapşırıqlarına doğru cavab verən namizədlərin sayında artım müşahidə olunur.

    “Rezidentura” jurnalının bu sayında rezidenturaya qəbul qaydaları, ixtisas seçimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, 2017-ci ildə keçirilmiş qəbul imtahanında baza fənləri üzrə istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, eləcə də test tapşırığı nümunələri dərc edilib.

    Rezidenturaya qəbul elanı, ərizə verən namizəd üçün təlimat, elektron ərizənin doldurulma qaydası, ixtisas fənləri üzrə qəbul proqramları, 2017-ci ildə keçirilmiş qəbul imtahanında ixtisas fənləri üzrə istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, eləcə də test tapşırığı nümunələri jurnalın növbəti sayında dərc olunacaq.

    İnanırıq ki, jurnalımızın bu sayında təqdim edilən materiallar namizədlərin rezidenturaya qəbul imtahanlarına daha səmərəli hazırlaşmasına kömək edəcək".

    Jurnalı bu keçid vaisitəsilə əldə etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi