Yuxarı
    Bağlamaq

    Məleykə Abbaszadə: “Bəzi namizədlər vəziyyətdən sui-istifadə edərək 20-dən çox vəzifə üzrə qeydiyyatdan keçiblər”

    284 namizəd dövlət qulluğunda vəzifəyə uyğun hesab edilməyib
    © Report/ Firi Salim — Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

    Bakı. 5 mart. REPORT.AZ/ “İndiyə qədər, ümumilikdə, 1488, o cümlədən inzibati vəzifələrin A növü üzrə 33, B növü üzrə 1455 namizəd dövlət qulluğuna qəbul imtahanlarında iştirak edərək sertifikat əldə edib”.

    “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının iclasında şura sədri Məleykə Abbaszadə bildirib.

    O qeyd edib ki, son iki ay ərzində dövlət orqanlarından daxil olan 2026 vakansiya üçün müsabiqə üzrə 4 müsahibə elanı verilib: “Yanvarın 11-də 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş 1450 namizədlə müsahibə mərhələsi davam edir. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilir. İndiyə qədər 2018-ci il 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə 459 müsahibə keçirilib. Müsahibələrdə iştirak etmiş 175 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 284 namizəd isə vəzifə uyğun hesab edilməyib. Qeydiyyatdan keçmiş namizədlərdən 247-si müsahibələrdə iştirak etməkdən imtina edib, 231 namizəd isə müsahibələrdə iştirak etməyib. 5 nəfərin nəticəsi etibarsız hesab edilib”.

    M.Abbaszadənin sözlərinə görə, müsahibə mərhələsində əsas problem ondan ibarətdir ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb: “Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçiblər. Ümumilikdə isə, orta hesabla 1 nəfər 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçib. Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Əgər qanunvericilikdə müvafiq dəyişiklik həyata keçirilməsə, DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq. Qeyd olunanlar nəzərə alınaraq qanunvericilikdə müvafiq dəyişikliklərin olunması üçün təkliflər hazırlanması və müvafiq orqanlara təqdim olunması zəruri hesab edilib”.

    DİM-in maliyyə hesabatlarının yoxlanılması ilə bağlı sədr bildirib ki, Mərkəzin büdcəsinin auditini Beynəlxalq Audit Standartlarına uyğun aparmaq məqsədilə audit xidmətinin satın alınması üçün tender komissiyası yaradılmış, müvafiq prosedurlar həyata keçirilib, bir neçə audit şirkəti tərəfindən təkliflər daxil olub, nəticədə “Baker Tilly Audit Azerbaijan” MMC qalib gəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi