Məktəblilərin olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil olunub

Məktəblilərin olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil olunub Olimpiadalara hazırlıq mərkəzlərinə seçim turunda hər fənn üzrə 20-25 nəfər VI-VIII, 15-20 nəfər IX-XI sinif şagirdi seçilib
Elm və təhsil
21 Oktyabr , 2015 21:00
Məktəblilərin olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil olunub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseydə yaradılan məktəblilərin Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib. Nazirlikdən "Report"a verilən xəbərə görə, bu liseylə yanaşı, nazirliyin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin nəzdində də belə mərkəz fəaliyyət göstərir. 

Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək məqsədilə yaradılan hər iki mərkəz şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. Şagirdlər, həmçinin dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunur.

Fənn olimpiadaları və bilik yarışlarının istedadlı şagirdlərin aşkar olunmasında əhəmiyyəti nəzərə alınaraq, bu sahədə mühüm addımlar atılıb. Ötən tədris ilində 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb ki, bu da əvvəlki illərlə müqayisədə 4,5 dəfə çoxdur. Bu il, həmçinin Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan 104 ölkə arasında 48-ci yeri tutub, məktəblilərimiz dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanıblar.

Qeyd olunub ki, Olimpiadalara hazırlıq mərkəzlərinə seçim turunda hər fənn üzrə 20-25 nəfər VI-VIII, 15-20 nəfər IX-XI sinif şagirdi seçilib.

Olimpiadalara hazırlıq mərkəzlərində seçilmiş şagirdlərlə fizika, riyaziyyat, kimya, biologiya, informatika fənləri üzrə xüsusi proqram əsasında hazırlıq məşğələlərinə başlanılıb. Tədris ili ərzində həmin şagirdlər üçün bir neçə sınaq imtahanı keçiriləcək və nəticələrə əsasən, ölkəmizi beynəlxalq olimpiadalarda təmsil edəcək şagirdlər müəyyənləşəcəkdir. Eyni zamanda şagirdlər həm qış, həm yay tətili dövründə qış və yay olimpiada məktəblərinə cəlb ediləcəklər.

Media nümayəndələri fizika və riyaziyyat üzrə hazırlıq məşğələlərində iştirak edib, liseyin yataqxanasında şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar.

Son xəbərlər

Orphus sistemi