Məktəblilər üçün "Yaşıl məktəb" layihəsi davam edir

Məktəblilər üçün "Yaşıl məktəb" layihəsi davam edir Gəncə, Mingəçevir və Ağcabədi rayonunun məktəbliləri layihəyə qoşulublar
Elm və təhsil
22 İyun , 2015 16:51
Məktəblilər üçün Yaşıl məktəb layihəsi davam edir

Bakı. 22 iyun. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yaşıl məktəb" layihəsinin 2-ci mərhələsini davam etdirir. Bu barədə "Report"a GTM-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, regionlarda məktəblilərin yay tətilinin səmərəli təşkili, habelə ətraf mühitin qorunmasında təhsil müəssisələrinin və orada təhsil alanların rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaq məqsədi daşıyan layihə Gəncə, Mingəçevir və Ağcabədidə icra olunur.

Layihənin ilkin mərhələsində adları çəkilən regionların orta məktəblərində ekoloji maarifçilik işini yüksəltmək məqsədilə təlim proqramı təşkil olunub, məktəblilərdən ibarət işçi qruplar formalaşdırılıb.

Yeni mərhələdə isə hər bir regionun 10 məktəbində məktəblilərin iştirakı ilə ekoloji aksiyaların keçirilməsinə, iməcliklərin təşkil olunmasına və digər tədbirlərin keçirilməsinə başlanılıb. Artıq Ağcabədi rayonunda məktəblilərin hazırladıqları yüzlərlə quş yuvası təhsil ocaqlarının həyətində və onların ətrafında xüsusi yerlərə bərkidilib.

Məktəblilərin ekoloji təfəkkürünü artırmaq və cəmiyyətə ekologiyanın qorunması üçün konkret mesajlar vermək məqsədilə açıq havada rəsm müsabiqələri də keçirilib.

Hazırda müvafiq işçi qruplar hədəf məktəblərdə ekoloji divar qəzetləri hazırlayır. Yeni tədris ilinin başlanğıcından bu qəzetlər məktəblilərlə yanaşı, yerli əhalinin də ekoloji maariflənməsinə xidmət göstərəcək. Bunun üçün ekoloji divar qəzetləri məktəblərin həyətlərində və binanın daxilində asılacaq.

Son xəbərlər

Orphus sistemi