Yuxarı

Məktəbi bitirə bilməyən şagirdlər üçün imtahan keçiriləcək

Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq

Bakı. 31 mart.REPORT.AZ/ Bakıda eksternat imtahanları keçiriləcək. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Məlumata görə, əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 13, 14, 15 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək. Qeydiyyat aprelin 1-dən 20-nə kimi iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq. Sənəd qəbulu isə Təhsil İdarəsində həyata keçiriləcək.

Qeydiyyat üçün tələb olunan sənədlərə şəxsiyyət vəsiqəsinin natoriat qaydasında təsdiq olunmuş surəti; 2 ədəd 3x4 ölçüdə fotoşəkil; təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış; ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) natoriat qaydasında təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün); Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə daxildir.

Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq. Ərizələri BŞTİ tərəfindən qəbul edilən eksternlər 6, 7, 8 may tarixlərində 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi