Yuxarı

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin maaşlarının hansı formada hesablanacağı açıqlanıb

Məktəbəqədər hazırlıq qrupları üçün müraciət edənlərin sayı təqribən 20 min nəfərdir

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Bakı məktəblərində bu günədək məktəbəqədər hazırlıq qrupları üçün müraciət edənlərin sayı təqribən 20 min nəfərdir. Elə o qədər uşaq da bu qruplara qəbul olunub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdir əvəzi Avaz Yusifov deyib.

Onun sözlərinə görə, 2011-ci il təvəllüdlü, 5 yaşı bu il tamam olmuş uşaqlar məktəbəhazırlıq qruplarına cəlb olunublar: "5 yaşlıların təhsili həmişə məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında həyata keçirilib. Bundan əvvəlki iki tədris ilində simvolik olaraq ödənişli əsaslarla (hər bir uşağa görə 40 manat) məktəbəhazırlıq qrupları təşkil olunurdu. Bu il isə proses dövlət hesabına həyata keçirilir".

A.Yusifov deyib ki, əsas məqsəd 2019-cu ilə qədər ölkə üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayını 90 faizə çatdırmaqdır: "Bu il üçün göstəricinin 55 faizə çatdırılması nəzərdə tutulur. Bu da Bakı şəhəri üzrə 20 422 uşaq deməkdir".

Qruplarda müəllimlərin hansı formada maaş alması məsələsinə də aydınlıq gətirən sektor müdiri əlavə edib ki, burada dərs deyəcək müəllimlərin əməkhaqqısı adi ibtidai sinif müəllimlərinin aldığı maaş kimi hesablanacaq: "Yəni, bir müəllim üçün bir stavka 18 saat hesablandığı halda, qrupda həftədə 4 gün 3 saat olmaqla yekunda 12 saatlıq tədris planları olacaq. Müəllim də buna uyğun 12 saatlıq dərsin pulunu alacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi