Yuxarı

Mikayıl Cabbarov məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsilə bağlı əmr imzalayıb

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərin şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr imzalayıb. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Əmrin imzalanmasında məqsəd son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsinin əvvəlki dövrlərlə müqayisədə zəifləməsinin qarşısını almaq, eləcə də şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etməkdir.

Əmrə əsasən, hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısı hazırlanmalı, məktəb kitabxanaları yeni nəşrlərlə zənginləşdirilməli, bunlarda dərs ili ərzində bədii əsərlərin oxusu və müzakirəsi təşkil edilməldidir.

Əmrdə qeyd edilib ki, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumtəhsil müəssisələrinin rəhbərləri şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş fəaliyyət planı hazırlayıb icrasını təmin etməlidirlər.

Şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşləri keçirilməli, bu prosesdə şagirdlər həmin yazıçılar və onların əsərləri haqqında məlumatlandırılmalı, müvafiq təbliğat işləri həyata keçirilməlidir.

Müəssisələr məktəblərdə "Ən fəal oxucu”, "Bədii əsər haqqında ən yaxşı inşa”, "Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqələrinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamlarının keçirilməsi və qaliblərin rəğbətləndirilməsini təmin etməlidirlər. Şagirdlərin oxuduqları və ya oxuyacaqları əsərlər əsasında hazırlanmış teatr tamaşalarına aparılacaq və onların müzakirəsi keçiriləcək. Oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələri təşkil edəcək.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi