Məktəb, lisey və gimnaziyaların I sinfinə şagird qəbulu başlayıb

Məktəb, lisey və gimnaziyaların I sinfinə şagird qəbulu başlayıb İdarə uşaqların I sinfə şagird qəbulu barədə video-təlimat hazırlayıb
Elm və təhsil
1 Mart , 2016 12:25
Məktəb, lisey və gimnaziyaların I sinfinə şagird qəbulu başlayıb

Bakı. 1 mart. REPORT.AZ/ 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfinə şagird qəbulu başlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Report"a verilən məlumata görə, uşaqların I sinfə qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin sistemdə qeydiyyatı bu gündən başlayaraq sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

İdarə istifadəçilər üçün 2016-2017-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə video-təlimat hazırlayıb.

Eyni zamanda, idarənin rəsmi "facebook" səhifəsində bu həftə ərzində I sinfə qəbulla bağlı suallar cavablandırılacaq.

BŞTİ müdiri Məhəbbət Vəliyeva qəbulla bağlı "İşçi qrupunun yaradılması barədə" əmr imzalayıb. Əmrdə 2016/2017-ci dərs ili üçün I sinfə şagird qəbulu prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) ümumtəhsil müəssisələrində şagird qəbulunu həyata keçirən işçi qruplar arasında yarana biləcək mübahisələri həll etmək üçün Bakı şəhərinin 6 təhsil müəssisəsində təşkil olunacaq apellyasiya komissiyalarının dislokasiyası və tərkibi təsdiqlənib. Əmrdə qeyd olunub ki, Komissiyanın işinin səmərəli təşkili üçün telefon və davamlı internet bağlantısı ilə təchiz olunmuş otaq ayrılsın, Komissiya və onun iş rejimi ilə əlaqədar zəruri məlumatları əhatə edən elanların müəssisənin girişində nəzərə çarpan yerdə (qəbul günləri və saatları, məsul şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı) yerləşdirilməsi təmin edilsin. Komissiyalar I mərhələdə 2016-cı il martın 1-dən iyunun 14–dək, II mərhələ iyunun 20-dən sentyabrın 20-dək (iyul ayı istisna olmaqla) fəaliyyət göstərəcək. Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 10.00-dan 16.00-dək həyata keçiriləcək. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil edilir. Əmrlə Komissiya rəhbərlərinə vətəndaşların müraciətlərinə obyektiv, tam və hərtərəfli baxılsın, işçi qrupla vətəndaş arasında yaranmış mübahisələrin və fikir ayrılıqlarının tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsini, müraciətlərə dərhal baxılmasını, araşdırmanın dəqiq aparılması üçün ehtiyac olduğu halda işçi qrupdan əlavə məlumatların alınmasının təşkilini, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etmək tapşırılıb.

Xatırladaq ki, Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 1-dən aprelin 5-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 13-dək həyata keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq.

Son xəbərlər

Orphus sistemi