Yuxarı

Məktəb direktoru: Əsas məqsəd psixoloji sağlam mühit qurmaqdır

Könül Həsənova “Məktəb direktorunun bir iş günü” layihəsinin qonağı olub

Bakı. 13 mart. REPORT.AZ/ Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı tam orta məktəbin direktoru Könül Həsənova “Məktəb direktorunun bir iş günü” layihəsinin qonağı olub.

"Report" xəbər verir ki, məktəb 2008-ci ildə ilk elektron layihəyə qoşulan məktəblərdən biridir. Məktəbin bütün siniflərində ingilis dilinin intensiv tədrisi həyata keçirilir.

Könül Həsənova bu vəzifəyə təhsil naziri Mikayıl Cabbarovun 2014-cü il 18 avqust tarixli əmri ilə təyin olunub. O, 780 nəfər arasından seçilən 14 nəfərdən biridir. Həmin 14 nəfərdən biri olmaq üçün Təhsil Nazirliyinin keçirdiyi təlimlərdə iştirak edərək müxtəlif mərhələləri adlayıb və nəticədə direktor olmağa nail olub.

Könül Həsənova bildirib ki, 2013-cü ilin avqustundan məktəbin təlim-tərbiyə üzrə direktor müavini, müəyyən müddətdən sonra isə direktor əvəzi təyin olunub: "Özüm İngilis dili müəlliməsiyəm. Əvvəl ali məktəblərdə işləsəm də, uşaqlarla işləməyə daha çox həvəsim var".

O qeyd edib ki, məktəbdə 980 şagird, 104 müəllim var: "Məktəbdə 42 sinif mövcuddur. Dərslər həftənin 5 günü bir növbəli sistemlə keçirilir. Ancaq III siniflər 2 növbəli sistemdə dərs keçirlər. Müəllimlərimiz xüsusi olaraq seçilib, ildə bir dəfə treninqlərdə olurlar.

M.Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası, Milli Azərbaycan Tarixi Muzeyi ilə əlaqələrimiz var. Məktəbdə "bir şagird, bir kompüter" layihəsi tətbiq olunur. Bu elektron dərsliklərin istifadəsi üçün çox önəmlidir".

"Sabahın alimləri" IV beynəlxalq olimpiyadasında məktəbin biologiya nominasiyası üzrə II yerin qalibi olduğunu deyən direktor həmçinin bildirib ki, məktəb Avropa oyunları çərçivəsində "ən surətli məktəb" adına layiq görülüb, I yeri qazanıb: "Şagirdlərimiz voleybol üzrə qızlar arasında XXVII rayon yarışmasında ikinci yeri qazanıblar".

Direktor, həmçinin şagirdlərlə qarşılıqlı hörmət şəraitində münasibət saxladığını qeyd edib: "Əsas məqsəd məktəbdə psixoloji sağlam mühit qurmaqdır. Mən hər gün psixoloqla görüşürəm. Psixoloqlar dərslərdə mütəmadi otururlar, problemli uşaqlarla söhbətlər aparılır. Məktəb şagirdi fiziki cəhətdən yetgin və psixi cəhətdən sağlam formalaşdırmalıdır. Bunun üçün də sağlam əməkdaşlıq, sağlam psixoloji mühüt olmalıdır və milli-mənəvi dəyərlər aşılanmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi