Yuxarı

Mayın 1-də rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçiriləcək

İmtahanda iştirak etmək üçün 8 109 abituriyent qeydiyyatdan keçib

Bakı. 26 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirəcək. Bu barədə "Report"a TQDK-dan məlumat verilib. 

Məlumata görə, qeyd olunan şəhərlər üzrə ümumilikdə 20 mərkəzdə təşkil olunacaq imtahan saat 13:00-da başlanır və 45 dəqiqə ərzində aparılır.

İmtahanda iştirak etmək üçün 8 109 abituriyent qeydiyyatdan keçib. Bakıda 5 355 , Naxçıvanda 26 , Gəncədə 855, Sumqayıtda 527, Şəkidə 347, Ağcabədidə 107, Göyçayda 208, Şirvanda 156, Lənkəranda 133, Xaçmazda 395 nəfər abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 56 imtahan rəhbəri, 667 nəzarətçi müəllim ayrılıb.

İmtahanda iştirak etmək üçün abituriyentlər TQDK-nın internet saytına (https://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov) daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada abituriyentin imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Abituriyentlər imtahana gələrkən "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, abituriyentlər imtahana buraxılmayacaq.

Xatırladaq ki, abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir. "Məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Qeyd edək ki, mayın 1-də keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 12-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi