Yuxarı
    Bağlamaq

    Massaçusets Texnologiya İnstitutunun program rəhbəri BANM-da olub

    İki ali təhsil müəssisəsi tələbə mübadiləsi barədə razılığa gəliblər
    © BANM

    Bakı. 28 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) rektoru Elmar Qasımov Massaçusets Texnologiya İnstitutunun (MTİ) Beynəlxalq Elm və Texnologiya Təşəbbüsləri (MISTI) Avrasiya üzrə proqram meneceri və Qlobal səviyyədə Start-up Laboratoriyalarının rəhbəri Yekaterina Zabrovskaya ilə görüş keçirib.

    Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə SOCAR-AQŞ-nin baş direktoru Ramin İsayev, Massaçusets Texnologiya İnstitutunun məzunu Ramil Məhərrəmov və BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva iştirak ediblər.

    Azərbaycana səfərin məqsədi dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu ilə Azərbaycan universitetləri və şirkətləri arasında tərəfdaşlığın inkişafı istiqamətində ehtiyacların və imkanların aşkar edilməsidir.

    BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ali Məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni açılmış kampusu haqqında məlumat verib. O, qarşılıqlı maraq doğuran məsələlərdən söz açaraq iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğuladı.

    Massaçusets Texnologiya İnstitutunun (MTİ) Avrasiya üzrə proqram meneceri və Qlobal səviyyədə Start-up Laboratoriyalarının rəhbəri Yekaterina Zabrovskaya MISTI təhsil proqramları haqqında geniş məlumat verib. Bildirilib ki, sözügedən təşkilat MİT-in tələbələrini xaricdə ixtisas təcrübəsi, tədqiqat və tədris imkanları ilə təmin edir, dünyanın aparıcı şirkətləri, tədqiqat institutları və universitetləri ilə əməkdaşlıq etməkdə töhfə verir. “Təmsil etdiyim institut 22 ölkə ilə oxşar tərəfdaşlıq proqramları həyata keçirir. Qarşımıza qoyulan məqsədlərindən biri olan - Azərbaycanda Global Start-up laboratoriyaların yaradılmasıdır”, - Y.Zabrovskaya deyib. Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın potensial istiqamətləri müzakirə olunub. Tərəflər tələbə mübadiləsi, müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, birgə elmi konfransların təşkili barədə razılığa gəliblər.

    Qeyd edək ki, dünyanın ən yaxşı ali məktəblərindən olan Massaçusets Texnologiya İnstitutu qəbul qaydalarının mürəkkəbliyi ilə seçilir – buraya sənəd verən 20 abituriyentdən yalnız biri MTİ-na qəbul olunur. MTİ-nun çoxlu sayda məşhur məzunları var, onlardan 85 nəfəri Nobel mükafatına layiq görülüb. İnstitutun tanınmış məzunlarından Azərbaycan əsilli alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, hazırda Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi Zadəni xüsusi qeyd etmək olar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi