Yuxarı
    Bağlamaq

    Marneulidə əlil uşaqlar üçün 260 yerlik məktəb tikiləcək

    Bu məktəbdə təkcə Marneulidən deyil, Gürcüstanın bütün bölgələrindən gələn uşaqlar müalicə olunacaq, təhsil və tərbiyə ala biləcəklər

    Tbilisi. 7 dekabr. REPORT.AZ/ Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneulidə əlil və fiziki imkanları məhdud uşaqlar üçün ikimərtəbəli, 260 yerlik məktəb tikiləcək.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanda fəaliyyət göstərən “Uşaq, ailə, cəmiyyət” Mərkəzinin sədri Guna Bibileişvili bildirib.

    Onun sözlərinə görə, bu gün Gürcüstanda 3 minə yaxın əlil və fiziki imkanları məhdud olan uşaq var: "Onların bir hissəsi azərbaycanlıların yığcam yaşadıqları bölgələrdədir. Hazırda mərkəzdə 25 azərbaycanlı uşaq var. Məqsəd bu uşaqların sağlamlıq imkanlarının bərpasına, tərbiyəsinə, eləcə də bu cür uşaqları olan ailələrə yardım göstərməkdir".

    G.Bibileşvili deyib ki, əlil uşaqları dünyaya gələn bəzi ailələr tez depressiyaya düşürlər: "Bəzən ailələrdə faciələr də yaşanır. Uşaqlar ölür və ya öldürülür, ailələr dağılır. Milliyyətindən asılı olmayaraq, belə hallar bütün ailələrdə olur. Biz bu cür neqativ halların qarşısını almağa çalışırıq. Belə ailələr mərkəzə daha tez müraciət etdikdə buna daha tez nail oluruq”.

    “Uşaq, ailə, cəmiyyət” Mərkəzinin sədri vurğulayıb ki, bu gün Tbilisi və Kutaisidə əlillər üçün məktəblər fəaliyyət göstərir: "Lakin yeni doğulmuş və 6 yaşadək uşaqlar üçün belə məktəb yoxdur. Mərkəzimiz azərbaycanlıların yığcam yaşadıqları Marneulidə ilk belə məktəb yaratmaq niyyətindədir. Artıq yerli icra strukturlarına müraciət olunub. Mərkəz üçün ikimərtəbəli bina tikiləcək. Bu məktəbdə təkcə Marneulidən deyil, Gürcüstanın bütün bölgələrindən gələn uşaqlar müalicə olunacaq, təhsil və tərbiyə ala biləcəklər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi