Yuxarı

Malena Mard: "Təhsil Avropa İttifaqının gələcəkdə Azərbaycana göstərəcəyi yardım sahəsində prioritetdir"

Universitetlərdə və peşə təhsili və təlimi məktəblərində islahat aparmaq üçün növbəti illərdə 19 milyon avrodan artıq vəsait ayrılacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının gələcəkdə Azərbaycana göstərəcəyi yardım sahəsində təhsil prioritet sektordur. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata, bu barədə Aİ-nin nümayəndəliyin rəhbəri, səfir Malena Mard məqaləsində qeyd edib.

Onun sözlərinə görə, universitetlərdə və peşə təhsili və təlimi məktəblərində islahat aparmaq, onları Avropa standartlarına və təcrübələrinə daha da yaxınlaşdırmaq üçün növbəti illərdə 19 milyon avrodan artıq vəsait ayrılacaq: "Müasirləşdirilmiş universitet və peşə təhsili məktəbləri əmək bazarının artan ehtiyaclarını ödəmək üçün daha yaxşı təhsil imkanları, bilik və ixtisas təmin edə bilər".

Eyni zamanda, səfir yazıb ki, bu yardım təhsil sektorunda Aİ-nin digər təşəbbüslərini tamamlayaraq, onlara əsaslanacaq: "Məsələn, Avropa Komissiyasının eTvinninq şəbəkəsi 35 Avropa ölkəsində yüz min məktəbin internet vasitəsilə bir-birilə əlaqə yaratmasını təşviq edib, 2013-cü ildə bu sistem Azərbaycandakı məktəbləri də əhatə edib. Bununla Azərbaycanda məktəblər virtual sinif otaqlarına daxil ola bilər ki, burada şagird və müəllimlər, məsələn, dil və ya riyaziyyat fənlərinin tədrisinə yönəlmiş interaktiv layihələrdə iştirak edir. Şəhər və rayonlardan seçilmiş müəllimlər öz sinif otaqlarında birgə təhsil layihələrini həyata keçirmək, Avropadan olan müəllimlərlə əməkdaşlıq etmək imkanı əldə edirlər".

M.Mard sonda qeyd edib ki, şagirdlər yeni dərs ilinin başlamasını səbirsizliklə gözlədiyi kimi, o da Azərbaycanda təhsil islahatlarının dəstəklənməsi istiqamətində ölkədəki həmkarlarla əməkdaşlıq etməyə can atır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi