Yuxarı

Magistraturaya ayrılmış plan yerlərinin 20 faizə yaxını boş qalıb

Azərbaycanın ali təhsil müəssisələrinin magistratura pilləsinə ayrılan plan yerləri 79.77 faiz dolub

Bakı. 15 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistratura pilləsinə ayırdığı plan yerləri 79.77% dolub. TQDK-dan "Report"a verilən məlumata görə, ayrılan 6289 plan yerinə 5017 bakalavr (onlardan 2002 nəfəri dövlət sifarişi əsasında) qəbul olunub.

Məlumatda bildirilir ki, ancaq proqramlar üzrə ayrılan plan yerlərinin dolma göstəriciləri fərqlidir. "Neft-qaz mühəndisliyi" ixtisasına aid olan 2 saylı proqram üzrə ayrılmış yerlərin hamısı dolub. 8, 13, 14, 17, 18, 19, 21, 22, 23, 29, 51, 52, 55, 56, 57 və 59 saylı proqramlara ayrılmış plan yerləri də 100% dolub.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı 5, 6, 9, 12, 16, 25, 30, 39, 41, 43, 58 və 60 saylı proqramlar olub ki, onlarda ayrılan plan yerlərinin 50%-dən çoxu boş qalıb. Həmin proqramlar üzrə olan ixtisaslaşmalar, əsasən, metallurgiya, maşınqayırma, hidrometeorologiya, materialşünaslıq, mexanika və incəsənət sahələri üzrədir.

Qeyd edək ki, TQDK ali təhsil müəssisələrinin magistraturalarına müsabiqənin nəticələrini mayın 13-də açıqlayıb. Müsabiqə nəticəsində ixtisaslaşma seçimində iştirak edən 7179 bakalavrdan 5017 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olanlardan 3286 nəfəri ali təhsil müəssisələrinin builki, 1731 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Onlardan 2073 nəfərini oğlanlar, 2944 nəfərini isə qızlar təşkil edir.

Bundan əlavə, 2 bakalavr idman sahəsi üzrə, 1 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi