Yuxarı

Magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi keçirilir

İmtahanda iştirak etmək üçün 24 110 bakalavr ərizə təqdim edib

Bakı. 6 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir. "Report"un məlumatına görə, imtahan Respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 41 imtahan mərkəzində aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.

Ərizə verən bakalavrlar imtahanda iştirak etmək üçün TQDK-nın internet saytına daxil olaraq iş nömrəsi və şifrlərindən istifadə etməklə "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Xatırladaq ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 10-dan 19-dək aparılıb. 

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 24 110 (ötən il 23 231) bakalavr ərizə təqdim edib. Onlardan 21 822 nəfəri Azərbaycan bölməsi, 2 288 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10 281 nəfəri oğlan, 13 829 nəfəri isə qızlardır. Bakalavrlardan 11 550 nəfəri cari ilin məzunları, 12 560 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 63 nəfər xarici ölkə vətəndaşıdır. 

İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1958-ci il təvəllüdlü, ən gənc isə 1997-ci il təvəllüdlüdür.

Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 4, Naxçıvan 2, Mingəçevir, Şəki və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 19 905, Naxçıvanda 758, Gəncədə 2 185, Mingəçevirdə 476, Şəkidə 371, Lənkəranda isə 415 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunmasına 168 imtahan rəhbəri, 1828 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçən 30-dək KİV nümayəndəsi müşahidə edəcək.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi