Bakı. 17 aprel. REPORT.AZ/ Lənkəran Dövlət Universitetində (LDU) ilk dəfə fizika-riyaziyyat fənləri üzrə regional olimpiada keçirilib.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, fizika-riyaziyyat fənləri üzrə regional olimpiada LDU-nun 25 illik fəaliyyəti dövründə ilk dəfə olaraq təşkil olunub. Bölgə gənclərinin dəqiq elmlərə olan həvəs və marağını artırmaq, ölkə üçün potensial riyaziyyatçı kadrlar yetişdirmək işinə yardımçı olmaq, istedadlı gənclərin riyazi qabiliyyətlərini üzə çıxartmaq məqsədi daşıyır.
Cənub bölgəsinin 6 rayonundan olan şagird və tələbələrin qatıldığı olimpiada 3 istiqamətdə - orta məktəb, orta ixtisas məktəbi və ali məktəb tələbələri arasında fizika və riyaziyyat fənləri üzrə keçirilib. Bilik yarışmasına region üzrə 130 şagird və tələbə qatılıb.
İki gün davam edən olimpiadada orta, orta ixtisas və ali məktəb tələbələri arasında hər iki fənn üzrə üçün qalib müəyyənləşib. Olimpiada ən yüksək nəticəyə nail olan iki qalibi də müəyyənləşdirib. Riyaziyyat üzrə ən yaxşı nəticəni Masallı rayonun Böyük Kolatan tam orta məktəbinin şagirdi Seyran İbrahimov, fizika üzrə LDU-nun tələbəsi Tural Həbibov əldə ediblər.
LDU-nun rektor vəzifəsini icra edən professor Natiq İbrahimov qalibləri universitetin professor-müəllim heyəti adından təbrik edib, uğurlu nəticə göstərən şagirdləri həm də gələcəkdə LDU-nun tələbələri kimi görmək istəyini dilə gətirib. Belə olimpiadaların bundan sonra müxtəlif fənlər üzrə mütəmadi keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov ölkənin inkişafının bugünkü gəncliyin səviyyəsindən, elmi bacarıqlarından, zamanla ayaqlaşa bilmək qabiliyyətindən asılı olduğunu gənclərin diqqətinə çatdırıb.
Olimpiada qalibləri kubok, fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb.