Latın qrafikalı Azərbaycan əlifbasının müəllifi haqında - XATİRƏ REPORTAJI

Latın qrafikalı Azərbaycan əlifbasının müəllifi haqında - XATİRƏ REPORTAJI “Atam günlərlə otağına çəkilib yazı yaza bilərdi”
Elm və təhsil
26 Sentyabr , 2018 15:45
Latın qrafikalı Azərbaycan əlifbasının müəllifi haqında - XATİRƏ REPORTAJI
0 : 00
0 : 00

Bakı. 26 sentyabr.REPORT.AZ/ Azərbaycanın görkəmli dilçi-alimi, filologiya elmləri doktoru, professor, hazırkı Latın qrafikalı Azərbaycan əlifbasının müəllifi Afad (Alıfuad) Qurbanovun ölümündən 9 il keçir.

“Report” alimin anım günü münasibəti ilə xatirə yazısı hazırlayıb.

Afad Qurbanov 1929-cu ildə Borçalıda anadan olub. Orada müəllim, məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981-1989-cu illərdə ADPU-nin rektoru olub. Afad Qurbanov 1981 və 1987-ci illərdə Bakı şəhər Sovetinin deputatı, 1990-1995-ci illərdə isə Azərbaycan Parlamentinin deputatı olub.

Afad Qurbanov Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alimlərdəndir, o, Onomastika elmi məktəbinin banisidir. A.Qurbanov 1990-cı ildə Azərbaycan Əlifba Komissiyasının sədri olub və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasının müəllifidir. O, 2009-cu ilin sentyabrın 26-da vəfat edib.

Professor Nizami Xudiyev

“Afad Qurbanov həyatını ana dilimizin öyrənilməsinə və təbliğinə həsr edib

Onun tələbəsi, filologiya elmləri doktoru, professor Nizami Xudiyev deyir ki, Afad Qurbanov adi kənd müəllimliyindən universitet rektorluğuna qədər şərəfli elmi pedaqoji yol keçib: “Afad Qurbanov şəxsiyyətinə hörmət bəslədiyim, unudulmaz müəllimimdir. 

Onun həyat və fəaliyyətini göz önünə gətirdikdə daim heyranlıq hissi keçirirəm. O, həyatının hər mərhələsində addım-addım zirvələr fəth edib və sonda nail olduğu yüksək məqama yetişib. Afad Qurbanovun dilçiliyin müxtəlif sahələrinə dair 70-dən çox kitabı, 500-dən artıq elmi-metodik məqaləsi nəşr edilib”.

Professor qeyd edib ki, Afad Qurbanovun elmi araşdırmalarının əsas istiqamətlərindən biri də müasir Azərbaycan ədəbi dilinin müxtəlif problemlərinin tədqiqi ilə bağlıdır: “Bu sahə ilə bağlı tədqiqatlarını alim elmi yaradıcılığının ilk dövründən başlayıb. Onun bu istiqamətdə uzunmüddətli elmi araşdırmalarının məhsulu olaraq “Müasir Azərbaycan dilinin qrafika və orfoqrafiyası” (1963), “Azərbaycan dilinin frazeologiyası” (1963), “Azərbaycan dilinin lüğət tərkibi” (1964), “Azərbaycan ədəbi və danışıq dili” (1965), “Azərbaycan lüğətçiliyinə dair” (1967), “Müasir Azərbaycan ədəbi dili” (1967) kitabları meydana gəlib. Bu sırada xüsusilə önəmli yer tutan fundamental “Müasir Azərbaycan ədəbi dili” kitabı sonralar daha da təkmilləşdirilərək 1985, 2003 və 2010-cu illərdə təkrar nəşr edilib”.

“Afad Qurbanovun elmi yaradıcılığının ən geniş bölmələrindən biri də onomastika problemlərinin araşdırılmasıdır. XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyinin inkişafında xüsusi mərhələ təşkil edir. Bu dövrdə Azərbaycan onomalogiyasının müstəqil nəzəri dilçilik sahəsi kimi formalaşıb inkişaf etməsi bilavasitə professor Afad Qurbanovun elmi fəaliyyəti və təşkilatçılıq işinin nəticəsi ilə bağlıdır. Afad Qurbanov dərin alim təfəkkürü ilə yanaşı zəngin yaradıcılıq potensialına və yüksək təşkilatçılıq qabiliyyətinə malik ziyalılarımızdan idi. O, həyatının bütün anlarını Azərbaycan dilçilik elminin inkişafına, ana dilimizin öyrənilməsinə və təbliğinə həsr edib. 80 illik ömrünün 60 ildən çoxunu pedaqoji fəaliyyətə həsr etmiş Afad Qurbanov, sözün əsl mənasında, böyük müəllim idi” –N.Xudiyev deyir.

“Onunla münasibətdə Çin səddi olmurdu”  

ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov deyir ki, Afad Qurbanovu tələbəlik illərindən tanıyır: “Mən filologiya fakültəsinə sənədlərini təqdim edəndə Afad Qurbanov Azərbaycan Dövlət Pedoqoji İnstitutunun rektoru idi. O, müsahibə prosesində tələbələrə çox diqqət göstərirdi. 

Professor Buludxan Xəlilov

Həmkar kimi işləyəndə isə onun fərqli tərəflərini gördüm. Afad müəllim həmkar kimi çox səmimi idi, həqiqətin tərəfində dayanırdı, geniş dünya görüşünə malik idi, görüb-götürmüş adam idi, həyatın hər üzünü görmüşdü. Müxtəlif sahələrdə, vəzifələrdə işləmişdi. Ona görə də kimlə necə davranmağı çox gözəl bilirdi. Onunla münasibətdə Çin səddi olmurdu, rəsmiyyət olmurdu. O deyirdi ki, “Mən çox görmüşəm, çox götürmüşəm. Sizlərə də kömək etməliyəm”. Afad müəllim insanlarla söhbət etməyi, bildiklərini bölüşməyi sevirdi. Afad müəllim alicənab, müsbət auralı idi. Həmkar olduğumuz dövrdə hiss edirdim ki, Afad müəllimin daha çox səmimiyyətə, diqqətə ehtiyacı var. Başqa ehtiyaclarının hamısını Afad müəllim öz zəhməti ilə qazanmışdı. Və bunları qazanmaq o qədər də asan olmamış, rahat başa gəlməmişdi. Afad müəllim Azərbaycan dilçiliyi tarixində zirvə fəth etmiş dilçilərdən biri kimi hamı tərəfindən qəbul olunurdu”.

Professor Afad Qurbanovun tələbələri ilə də çox səmimi münasibət qurduğunu deyir. O bildirir ki, Afad Qurbanov ömrünün sonuna kimi auditoriyadan kənar düşməyib: “Hətta kafedrada hər hansı müəllim xəstələnib dərsə gəlməsə onun dərsini Afad Qurbanov özü gedib deyirdi. Onun nitqi çox aydın və rəvan idi. Elə adamların auditoriyada mühazirə söyləməyəi universitetlərin və fakültələrin nüfuzudur. Afad müəllim bütün potensialını, düşüncəsini, müəllimlik qabiliyyətini ömrünün sonuna qədər qoruyub saxladı. O müəllimlik, alimlik səhnəsində ömrünün sonuna qədər etalon kimi qala bildi”.

“Atam günlərlə otağına çəkilib yazı yaza bilərdi” 

Afad Qurbanovun qızı, Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fidan Qurbanovaya atası haqqında söhbət açmaq asan olmasa da deyir ki, atası haqqında danışmaq çətin olmaqla yanaşı həm də şərəflidir: “Mən fəxrlə deyə bilərəm ki, yaddaşlarda yaşayan görkəmli dilçi-alim, məşhur türkoloq, altayşünas, ana dilimizin qayğıkeşi, həqiqi və layiqli vətəndaş, mübariz ictimai xadim Afad Qurbanovun qızıyam. 

Professor Fidan Qurbanova

Atam ailəmizin və başımızın tacı olub. Bizim üçün atamız qüsursuz idi. Bu gün də bizə elə gəlir ki, o həyatda ciddi səhvlərə yol verməyən, kamil insan olub. Atam elə yaşayıb ki, ona baxıb, ancaq ibrət götürmək olardı”.

F.Qurbanova evlərində ata-anaları arasında həmişə hörmət, məhəbbət, dostluq gördüyünü deyir: “Atam deyirdi ki, cəmiyyətin sağlamlığı ailənin möhkəmliyindədir. O, ata-anasını tez itirmişdi, bəlkə də özü uşaqlıq çağlarından ata-ana məhəbbətindən uzaq düşdüyünə görə, ailə dəyərlərinə, ailə ünsiyyətinə xüsusi münasibət bəsləyirdi. Ailəmizdə ata və övladlar arasında səmimi dost münasibəti vardı. Atamızın verdiyi tərbiyə bu gün bizim sərvətimizdir”.

Onun sözlərinə görə, Afad Qurbanov övladları ilə dost, sirdaş, yol yoldaş olmağı bacarıb: “Amma dostluğu ilə yanaşı, atamın bir baxışı bəs edirdi ki, özümüzü cəmləyək. Atam təkcə bir ailənin başçısı, nəslin ağsaqqalı deyildi. Əminliklə deyə bilərəm ki, o həm də elmimizin, təhsilimizin ağsaqqalı idi. Alim idi, elmə, təhsilə xidmət edirdi. Elə bil atam dünyaya müəllim olmaq, alim olmaq, gözəl ailə başçısı, ata olmaq, xeyirxah insan olmaq missiyası ilə gəlmişdi. Bütün bunlar böyük zəhmət hesabına idi. O, çox enerjili biri idi, yorulmaq nədir, bilməzdi. Günlərlə otağına çəkilib yazı yaza bilərdi”.

Afad Qurbanovun beş övladından ancaq Fidan Qurbanova atasının sənətini davam etdirib. O, atasından çox şey öyrənib: “Bu sahəyə gələrkən ilk sözü mənə bu olmuşdu ki, dilçilik asan sahə deyildir. Sən yalnız özünə arxayın olmalısan. Əminsənsə, bu sahəyə gələ bilərsən. O, həmişə deyərdi ki, dilimiz milli varlığımızdır, onu qorumalıyıq. Nə iş görsəm, ilk növbədə onunla məsləhətləşirdim. Sevinirəm ki, xalqımız, elmi ictimaiyyət bu gün də atamın xatirəsini əziz tutur. Onun min bir əziyyət bahasına hazırladığı elmi əsərləri, dərslikləri, monoqrafiyaları bu gün də dilçilik sahəsində dəyərli mənbələr hesab olunur”.

Foto: Elçin Murad

Son xəbərlər

Orphus sistemi