Yuxarı

Koreya-Azərbaycan Dostluq Parkı yaradılacaq

Akif Əlizadə koreyalı səfiri qəbul edib

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə məlumatı AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Azərbaycanda elm və təhsilin inteqrasiyası, eləcə də AMEA-da magistratura təhsilinin təşkili və elmi-innovativ layihələr haqqında məlumat verən akademik Akif Əlizadə bu istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. AMEA rəhbəri koreyalı səfiri Akademiyanın bu ilin noyabr ayında keçiriləcək yubiley tədbirlərinə də dəvət edib.

Səfir Çoi Suk-in isə öz növbəsində səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib. Səfir Koreya Respublikasının elm və təhsilin inkişafında qazandığı uğurlar, həmçinin təcrübələri haqqında məlumat verib, eləcə də Seul-Bakı Mədəniyyət Mübadiləsi Assosiyasiyası tərəfindən maliyyələşdirilən Qəbələ arxeoloji tədqiqatlarında koreyalı alimlərin iştirakından danışıb.

Görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı, müştərək elmi tədqiqatların təkmilləşdirilməsi istiqamətində mövcud imkanlar, eləcə də yaxın zamanda “Koreya-Azərbaycan Dostluq Parkı”nın yaradılması müzakirə edilib.

Görüşdə gələcəkdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələsini nəzərdə tutan sazişin imzalanması haqqında da razılıq əldə olunub.

Sonra qonaqla AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun video-konfrans zalında görüş keçirilib. Görüşdə Azərbaycan–Cənubi Koreya ədəbi əlaqələrinin öyrənilməsi və tərcümə işlərinin təşkili məqsədi ilə mərkəzin yaradılması məsələsi də müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi