Yuxarı

Komitə sədri: "Bəzi bölgələrdə IX sinifdə oxuyan qızlara nisbətən XI sinifdə olan qızların sayı azalıb"

Vətəndaşlar öz məsuliyyətini dərk etməlidir

Bakı. 3 mart. REPORT.AZ/ "2013-2014-cü illərdə IX-XI siniflər üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərin oğlanlar və qızlar üzrə ümumi say nisbəti bir-birinə yaxındır. Lakin ayrı-ayrı bölgələr üzrə bu nisbət çox fərqlidir. Respublikanın bir sıra bölgələrində IX sinifdə oxuyan qızlara nisbətən XI sinifdə olan qızların sayı azalıb. Bəzən əsas göstərirlər ki, məktəblərin sayı azdır, uzaq məsafədədir, yerlərdə infrastruktur zəifdir. Əlbəttə, bu bəhanədir". "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gənclərin peşə seçiminin gender aspektləri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yuxarı siniflərdə təhsil alan qızların sayının az olmasının digər səbəblərindən biri də erkən nikahdır: "Rəsmi statistik göstəricilərə görə də məhz həmin bölgələrdə erkən nikahların sayı digər yerlərdən daha çox qeydə alınıb. Komitə olaraq silsilə tədbirlər görülür. Lakin problemin həlli üçün kompleks yanaşma və sistemli şəkildə iş aparmaq lazımdır".

Valideynlərə, təhsil müəssisələrinə nəzarəti daha da gücləndirməyin vacib olduğunu deyən Komitə sədri bildirib ki, onların qanunla məsuliyyətə cəlb edilməsi və bir sıra gender stereotiplərinin aradan qaldırılması sahəsində səylər birləşdirilməlidir: "Xüsusilə, vətəndaşlar öz məsuliyyətini dərk etməlidir. Əgər onların erkən nikaha məcburetmə və məişət zorakılığı ilə bağlı qəbul olunan qanunlar, məcəllələr haqqında informasiyaları çox olsa, belə cinayətlər də daha az olar".

Hicran Hüseynova, həmçinin vurğulayıb ki, bəzi ali təhsil müəssisələrinə qəbul olanların böyük hissəsini qızlar təşkil edir: "Bu da seçilən ixtisaslarda ayrı-seçkiliyin yaranmasına gətirib çıxarır. İllərlə "qadın peşəsi", "kişi peşəsi" adı altında ixtisasların ayrılması sonrakı mərhələlərdə vətəndaşlara, xüsusilə qadın və uşaqlara, ümumi halda isə genofonda mənfi təsir edə bilər. Ona görə də tədbir keçirmək üçün Texniki Universiteti təsadüfən seçməmişik. Bu gün zalda əyləşən qızların sayı göstərir ki, ildən-ilə qızlarımız daha çox texniki və texnoloji ixtisaslara yiyələnmək istəyirlər. Əlbəttə, biz bunu alqışlayırıq.

Gənclərimiz bilməlidir ki, peşə seçimi onların cinsindən deyil, bacarıq və biliklərindən asılıdır. Digər tərəfdən isə peşələrin əmək bazarına, onun tələbatına uyğun seçilməsi də mühüm əhəmiyyət kəsb edir ki, bu, gələcəkdə gənclərin işlə təmin olunmasına müsbət təsir göstərəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi