"Kitabi-Dədə Qorqud"un elm aləminə bəlli olmasının 200 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

"Kitabi-Dədə Qorqud"un elm aləminə bəlli olmasının 200 illik yubileyinə həsr olunmuş konfrans keçirilib Dilçilik İnstitutunun direktoru: "Kitabi-Dədə Qorqud"da elə birləşmələr, cümlələr var ki, heç bir mənbədə onlara rast gəlmək olmur
Elm və təhsil
25 Dekabr , 2015 19:46
Kitabi-Dədə Qorqudun elm aləminə bəlli olmasının 200 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda "Kitabi-Dədə Qorqud"un elm aləminə bəlli olmasının 200 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə İnstitutun direktoru Mövsüm Nağısoylu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Əzizxan Tanrıverdi, İnstitutun şöbə müdiri İsmayıl Məmmədli, prof Sevil Mehdiyeva, filologiya üzrə fəlsəfə doktoru, Qorqudşünas Vahid Adil Zahidoğlu, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Səyalı Sadıqova və başqaları iştirak edib.

Dilçilik İnstitutunun direktoru Mövsüm Nağısoylu çıxış edərək bildirib ki, Avropanın Şekspiri, Rusiyanın Tolstoyu, Azərbaycanın da Qorqudu var: "Azərbaycan ədəbiyyatında Dədə Qorqudu tədqiq edənlər çox olub. Qorqudşünaslar yalnız Azərbaycan sərhədləri daxilində deyil, sərhəddən kənarda da kifayət qədərdir. Dədə Qorqudun hər sətrini dönə-dönə oxumalıyıq. Bu əsərdə elə birləşmələr, cümlələr var ki, heç bir mənbədə onlara rast gəlmək olmur".

Professor Sevil Mehdiyeva "Kitabi-Dədə Qorqud" ənənələri Azərbaycan xalq dastanlarında mövzusunda çıxış edib. O bildirib ki, xalq ozanlarının dilindən yazıya alınan "Kitabi-Dədə Qorqud" dastanı ümumən Azərbaycan mədəniyyət tarixində, xüsusən ədəbi dil tarixində xəlqilik baxımından müsbət bir ədəbi-bədii hadisənin təməlini qoyub: "Bu əsər Azərbayan ədəbi dilinin milli ənənələr üzərində zənginləşməsinə və inkişafına rəvac verdi".

Daha sonra digər çıxışlar dinlənilib.

Son xəbərlər

Orphus sistemi