Yuxarı

Ötən ilin qəbul planı 2013-cü il ilə müqayisədə 3.57 faiz artırılıb

Gələcəkdə xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarda bal məhdudiyyəti digər ixtisaslarda olan həddə çatdırılacaq

Bakı. 11 fevral. REPORT.AZ/ "Ötən il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 643 abituriyent iştirak edib. Onlardan 43.89 %-i 0-100, 20.76 %-i 100-200, 13.61 %-i 200-300, 15.73 %-i 300-500, 6.01 %-i isə 500-700 bal toplayıb". 

"Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, abituriyentlərdən 1727 nəfəri 600 baldan yuxarı nəticə göstərib: 

"Yüksək bal toplayan abituriyentlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. 600 və daha yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məzunlarının sayı bu il 882 nəfər olub. Yüksək nəticə göstərənlər I qrupda 488, II qrupda 435, III qrupda 401, IV qrupda 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə (700 bal) göstərib. Onlardan 5-i I qrupun, 2-si II qrupun və 2-si IV qrupun abituriyentləridir".

TQDK sədri deyib ki, ötən il xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqəyə qabiliyyət imtahanı komissiyalarına uyğun olaraq, minimal test imtahan balı 75, 100, 125 və 150-dən (dövlət sifarişi əsasında qəbul aparılan ixtisaslar üzrə 100, 125, 150, 175 və 200-dən) az olmayan abituriyentlər buraxılıblar:

"Gələcəkdə xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarda bal məhdudiyyəti digər ixtisaslarda olan həddə çatdırılacaq. 2014/2015-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisasların qəbul planları və həmin ixtisaslar üzrə qabiliyyət imtahanlarını uğurla verən abituriyentlərin sayı məlumdur. Belə ki, I ixtisas qrupu üzrə Memarlıq və dizayn ixtisaslarında 360 qəbul planının 261-i tutulub.

III qrup üzrə İncəsənət və musiqi ixtisasları üçün 1295 qəbul planının 789-u, IV qrup üzrə isə İdman ixtisaslarına görə nəzərdə tutulan 947 yerdən 846-sı tutulub. Ali təhsil müəssisələrinə keçən il 37841 plan yeri ayrılmışdı. Qəbul planı 2013-cü illə müqayisədə 3.57 faiz artırılıb. Bunlardan 78 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən (7 yer "ADA" Universitetinə SAT balına əsasən qəbul olunanlar) tutulub. Qalan yerlərdən 28459-u Azərbaycan bölməsi, 4057-si rus bölməsi, 5247-si isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulmuşdu. Qəbul planındakı 31546 yer dövlət, 6295 yer isə özəl ali təhsil müəssisələrinin payına düşürdü. 11231 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulmuşdu. Bunlardan 71 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi