“Kaspi” mükafatı və “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

“Kaspi” mükafatı və “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomu və kitabı da təqdim olunub
Elm və təhsil
27 Noyabr , 2015 14:00
“Kaspi” mükafatı və “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bakı. 27 noyabr. REPORT.AZ/ “Hüseyn Cavid. Vətənə qayıdış” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması, bu il təsis edilən “Kaspi” mükafatı, “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomu və kitabının təqdimat mərasimi keçirilib. “Report” xəbər verir ki, tədbirdə ailmlər, tədqiqatçılar, media qurumlarının rəhbərləri, KİV təmsilçiləri iştirak edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Hüseyn Cavid Azərbaycan mədəniyyətının ən böyük simalarından biridir: “O, ədəbiyyatımızda romantizmin banilərindən sayılır. Hüseyn Cavidin əsərləri hər zaman oxucular tərəfindən böyük sevgi ilə oxunub”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev müsabiqə barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, “Kaspi” Təhsil Şirkəti və “Kaspi” qəzetinin birgə layihəsi olan yazı müsabiqəsi 2014-cü ilin yay aylarında elan edilib: “Müsabiqə müddətində 100-ə yaxın yazı qəbul edilib, münsiflər tərəfindən seçilib, onlardan 31 məqalə müsabiqə kitabına daxil edilib və qaliblər müəyyənləşdirilib”.

BDU-nun professoru Cahangir Məmmədli çıxışında ədəbiyyatın jurnalistlərə daha çox öyrədilməsinin vacib olduğunu xatırladıb: “Onlar da ədəbi şəxsiyyətlərin yaradıcılığı ilə daha yaxından maraqlanmalı və onları mənimsəməkdə maraqlı olmalıdırlar”.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, “Kaspi” qəzeti dəfələrlə bir neçə ədəbi şəxsiyyətlərlə bağlı uğurlu layihələr həyata keçirib: “Hüseyn Cavidlə bağlı belə müsabiqənin keçirilməsi də ona verilən xüsusi qiymətdir”.

Tədbirdə çıxış edənlər ədəbi şəxsiyyətlərlə bağlı yazı müsabiqələrinin keçirilməsini müsbət qiymətləndiriblər.

Məlumat üçün bildirək ki, “Kaspi” qəzeti “Kaspi” mükafatı təsis edib. Mükafat bu ildən etibarən hər il bir nəfərə veriləcək. Builki mükafata ümummilli lider Heydər Əliyevin göstərişi ilə dahi Hüseyn Cavidin cənazəsini Uzaq Sibirdən vətənə qaytaran nümayəndə heyətinin sədri, əhəmiyyətli materialları, sənədləri qoruyub günümüzə çatdıran Həmid Cəfərov verilib. 

Eyni zamanda, görülən işlərin davamı olaraq “Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin birgə layihəsi əsasında iki nəşr işıq üzü görüb. Bunlardan biri müsabiqəyə seçilən, daha dəyərli hesab edilən nümunələrindən ibarət məqalələr toplusudur. Digəri isə “Hüseyn Cavid. Vətənə qayıdış” fotoalbomudur. Nəşr layihəsinin rəhbəri, redaktoru və tərtibatçısı tədqiqatçı alim Sona Vəliyevadır.

Xatırladaq ki, müsabiqədə I yerə sənətşünas alim Ziyadxan Əliyev (“Hüseyn Cavid romantizmi rənglərin işığında”), II yerə Elnarə Akimova (Cavid yaradıcılığı: zamana baxış kontekstində), III yerə isə Gülnarə Səma (“Cavidanə uçurum”) layiq görülüb.

Son xəbərlər

Orphus sistemi