Yuxarı

Jurnalistlər gənclərin çağırışaqədərki hazırlıq dərsini izləyib - FOTO

Təhsil Nazirliyi ilə SHXÇDX birgə mediatur təşkil edib

Bakı. 13 aprel. REPORT.AZ/ Təhsil Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 19 nömrəli tam orta məktəbə birgə mediatur təşkil edib. Nazirliyin İctimaiyyətlə ələqalər sektorundan "Report"a verilən məlumata görə, tədbirdə Təhsil Nazirliyinin, SHXÇDX-nin nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və KİV nümayəndələri iştirak edib. 

Mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərini ümumi təhsil məktəblərində şagirdlərin çağırışaqədərki hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan şəraitlə tanış etmək və kompüter texnologiyalarına əsaslanan təlim silahlarını nümayiş etdirməkdir.

Mediatur çərçivəsində KİV təmsilçiləri məktəbdə təlim avadanlıqları ilə təchiz edilmiş kabinetdə olub vəgənclərin çağırışaqədərki hazırlıq dərsini izləyiblər.

Jurnalistlər şagirdlərin silahları söküb-yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və simulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyiblər.

KİV nümayəndələrinə məlumat verilib ki, 10-11-ci siniflərdə tədris edilən gənclərin çağırışaqədərki hazırlığı fənni şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Müvafiq dövlət standartları əsasında hazırlanmış proqramlara və dərsliklərə uyğun tədris edilən bu fənn eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsinə, habelə ilkin tibbi yardım, mülki müdafiə bacarıqlarının aşılanmasına xidmət edir.

Məktəblərdə yaradılan fənn üzrə kabinetlər müxtəlif vaxtlarda Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən təhsil proqramlarına uyğun hazırlanan plakatlar və digər əyani tədris vəsaitləri ilə təmin edilib. Ötən il ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetlərin müasir avadanlıqlarla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq, 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıqlar, ləvazimatlar və xüsusi proqram təminatı ilə təchiz olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi