Yuxarı

Jurnalistlər Azərbaycan Dövlət İqtisad Universitetində imtahanların gedişinə nəzarət ediblər

Media təmsilçiləri universitetin rektoru Ədalət Muradovla görüşüblər

Bakı. 12 yanvar. REPORT.AZ/ Bir qrup jurnalist Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən qış imtahan sessiyasının gedişinə nəzarət edib. "Report" xəbər verir ki, "Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir" devizi altında keçirilən tədbirdə 20-dən artıq jurnalist iştirak edib.

UNEC-in Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin direktoru Raqif Qasımov jurnalistləri imtahan prosesinin gedişi, nəzarət təlimatları ilə tanış edib. Onun sözlərinə görə, tələbələrə əvvəlcədən ümumilikdə 700-dən artıq sual və onların cavabı verilib: "Tələbə sualları cavablandırdıqdan sonra "bitir" düyməsinə basan kimi imtahanda göstərdiyi nəticəsi ilə tanış olurlar. İmtahan bitdikdən sonra cavablar və tələbələrin yekun nəticələri dərhal onların şəxsi kabinetində qeyd olunur. Bununla da hətta valideynlər belə övladlarının imtahan nəticələri ilə istənilən zaman tanış ola bilər. Bütün bunlar imtahanların şəffaf keçməsinə zəmin yaradır".

O qeyd edib ki, universitetin hər korpusunda 5 növbə üzrə imtahan təşkil edilir: "Hər növbədə minimum 150 tələbə iştirak edir. Humanitar fənlər üzrə imtahanlarda tələbələrə 1 saat 20 dəqiqə, riyaziyyat və ekonometrika fənləri üzrə isə 2 saat vaxt verilir. Çünki həmin fənlər hesablamalar tələb edir ki, bu da əlavə vaxt deməkdir". 

Magistratura, MBA və "SABAH" qruplarında imtahanların yazılı keçirildiyini bildirən R.Qasımov əlavə edib ki, yazılı imtahanlar zamanı tələbələrə əvvəlcədən hazırlaşmaları üçün 75 sual təqdim edilir və həmin suallardan 7-si imtahana düşür.

Mərkəzin direktoru xatırladıb ki, imtahanlara nəzarət üçün 34 nəfər müəllim ayrılıb: "Bura "Tutor" xidmətinin bir nümayəndəsi, laborant, tədris metodik köməkçi heyətinin nümayəndəsi daxildir. Yəni imtahanlarda müəllimlər şəxsən nəzarətçi kimi iştirak etmirlər".

Bundan sonra jurnalistlər universitetin bütün tədris binalarında keçirilən imtahanlara nəzarət ediblər.

İmtahanlardan sonra jurnalistlər UNEC-in rektoru Ədalət Muradovla görüşüblər. Rektor UNEC-də aparılan islahatlar, universitetin hədəfləri və iş prosesində qarşıya çıxan problemlərdən danışıb, jurnalistlərin suallarını cavablandırıb.

UNEC-də qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. 

Qeyd edək ki, bu kimi görüşlər təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmrinə əsasən həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi