Məleykə Abbaszadə: "İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var"

Məleykə Abbaszadə: "İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var" "Hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə ediblər"
Elm və təhsil
11 Fevral , 2015 12:10
Məleykə Abbaszadə: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var

Bakı. 11 fevral. REPORT.AZ/ "İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var. I qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyükdür". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayının təqdimatı zamanı deyib.

TQDK sədri bildirib ki, 2014-cü il üçün ali təhsil müəssisələrinin I ixtisas qrupunda qəbul planı üçün 11 990 yer ayrılsa da, 35 696 ərizə verilib: "II qrupda 10 908 qəbul planı, 23 460 ərizə sayı, III qrupda 10 451 qəbul planı, 26 168 ərizə, IV qrupda isə 4 414 qəbul planı, 12 038 ərizə sayı olub. Təhlil göstərir ki, ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq var. Ümumi qəbul planının II ixtisas qrupu üçün ayrılan hissəsi abituriyent ərizələrinin həmin ixtisas qrupuna düşən hissəsindən böyük, I ixtisas qrupunda isə, əksinə, kiçikdir. III və IV ixtisas qruplarında isə bu iki göstərici arasında, demək olar ki, uyğunluq mövcuddur".

Onun sözlərinə görə, II qrupda plan yerlərinin çox, ərizələrin sayının isə nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib: "Nəticədə, hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə ediblər. Bu baxımdan gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, perspektivlər müəyyən edilməli, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır". 

M. Abbaszadə, həmçinin qeyd edib ki, I qrupda abituriyentlərin nisbi çəkisinin bu qrup üzrə ayrılmış qəbul planının nisbi çəkisindən yüksək, II qrupda isə bunun əksinə olaraq qəbul planının nisbi çəkisinin yüksək olmasına baxmayaraq, I qrupda real müsabiqə vəziyyəti heç də yüksək olmayıb. Buna səbəb I ixtisas qrupuna ərizə verən bir çox abituriyentlərin hazırlıq səviyyələrinin II ixtisas qrupuna ərizə verən abituriyentlərin hazırlıq səviyyələrindən aşağı olmasıdır.

Son xəbərlər

Orphus sistemi