Yuxarı

IX-XI sinif şagirdlərinin iştirakı ilə "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi keçiriləcək

Müsabiqənin respublika mərhələsi dekabr ayının ikinci ongünlüyündə Bakı şəhərində olacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin oktyabr-dekabr ayları ərzində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi keçiriləcək. "Report" xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, müsabiqə rayon (şəhər) və respublika mərhələləri üzrə təşkil ediləcək. Eyni zamanda, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları inşa müsabiqəsinin mütəşəkkil və yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə müvafiq işçi qrupu yaradacaqlar.

Müsabiqənin respublika mərhələsi dekabr ayının ikinci ongünlüyündə Bakı şəhərində keçiriləcək.

Məktəbəqədər və ümumi təhsil şöbəsi və təhsilin inkişafı proqramları şöbəsi müsabiqənin respublika mərhələsinin iştirakçılarının inşa yazılarının yoxlanması və ölkə üzrə qaliblərin obyektiv seçilməsi məqsədilə mütəxəssislərdən ibarət komissiya təşkil ediləcək.

Müsabiqə qalibləri tutduqları yerlərə görə müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif ediləcəklər.

Xatırladaq ki, müvafiq qərar Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında" birgə Fəaliyyət planının 8-ci bəndinin icrası məqsədilə qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi