Yuxarı

IV SOCAR forumu başa çatıb

IV SOCAR Forumu başa çatıb

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan IV SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” forumu başa çatıb.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, iştirakçılara Xəzər regionu və Mərkəzi Asiyada neft-qaz sənayesinin başlıca inkişaf istiqamətləri, eləcə də ticarət, logistika, neft emalı və neft-kimya sahələrində ən böyük beynəlxalq layihələr barədə informasiya mübadiləsi, habelə region ölkələrindən olan həmkarlar və tərəfdaşlarla birgə mövcud əməkdaşlığın möhkəmlənməsi və yeni işgüzar əlaqələrin qurulması üçün geniş imkanlar təqdim edən Forumda dünyanın 20-dən artıq ölkəsindən olan müxtəlif şirkətləri təmsil edən 300-ə yaxın mütəxəssis iştirak edib.

Forumda, eləcə də Forum çərçivəsində keçirilmiş Xəzər və Mərkəzi Asiya regionlarının emal və neft-kimya sənayesi – layihələr və texniki həllər mövzusunda konfransda 40-a yaxın prezentasiya və məruzələr təqdim olunub, həmçinin qonaqların SOCAR Karbamid, SOCAR Metanol, SOCAR Polimer zavodlarına və Səngəçal Neft Terminalına səfərləri təşkil edilib. 

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən və 2016-cı ildən etibarən təşkil olunan forum Ulu öndər tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının işıqlandırılması üçün unikal bir platformadır. Forumda Xəzər və Mərkəzi Asiya regionlarının yanacaq-energetika, neft-kimya komplekslərinin və logistika strukturlarının, həmçinin aparıcı yerli və beynəlxalq şirkətlərin top menecerleri, sahəsinin öndə gedən ekspertləri, analitiklər, diplomatik korpus nümayəndələri və digər çoxsaylı mütəxəssislər iştirak edirlər. İştirakçılar Azərbaycanın neft-qaz sənayesinin inkişafı, Xəzər regionu və Mərkəzi Asiyada neft və qaz bazarları, karbohidrogenlərin logistika və tranzit potensialı, başlıca ixrac marşrutları, xam neft və neft məhsullarının ticarət dövriyyəsi, neft emalı və neft-kimya müəssisələrinin modernizasiyası, neft və qaz emalı sahəsində innovativ texnologiyalar və bir çox digər sahələrdə çoxsaylı məruzələr və ekspert rəyləri ilə tanış olmaq imkanı əldə edirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi