I İntellektual Bilik Yarışı keçirilib

I İntellektual Bilik Yarışı keçirilib Yarışda 150-dən çox gənc iştirak edib
Elm və təhsil
2 Mart , 2015 16:14
I İntellektual Bilik Yarışı keçirilib

Bakı. 2 mart. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Xaçmaz rayonunda 150-dən çox gəncin iştirakı ilə I İntellektual Bilik Yarışı keçirib. 

"Report" xəbər verir ki, yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlər və Azərbaycan tarixi haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.

Zərifə Əliyeva adına liseydə baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsinə gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hərtərəfli inkişafları üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. Direktor bildirib ki, bugünkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.

Çıxış edən digər rəsmi qonaqlar da keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırıblar.

Daha sonra komandaların iştirakı ilə yarış başlanıb. Yarışın qalibləri Mərkəz tərəfindən mükafatlandırılıb, rayonda fəaliyyət göstərən “Xəmsə” dil kurslarına güzəşt əldə edib.

Son xəbərlər

Orphus sistemi