Azərbaycanda institutlardan birində ciddi maliyyə pozuntuları aşkarlanıb

Azərbaycanda institutlardan birində ciddi maliyyə pozuntuları aşkarlanıb 23 ştat vahidi artıq saxlanılmaqla onlara əmək haqqı ödənildiyi məlum olub
Elm və təhsil
6 Aprel , 2015 15:41
Azərbaycanda institutlardan birində ciddi maliyyə pozuntuları aşkarlanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda həyata keçirilən audit nəticəsində ciddi maliyyə və hüquq pozuntularına, nöqsan və çatışmazlıqla yol verildiyi aşkar olunub. "Report"un xəbərinə görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, institutda auditin əhatə olunduğu dövrdə ümumilikdə 23 ştat vahidi artıq saxlanılmaqla onlara əmək haqqı ödənildiyi, "Ştatda olan işçilərin əmək haqqı" paraqrafına əmək haqqı üzrə yaranan qənaət məbləği hesabına nəzərdə tutulmayan əlavə, işçilər sanatoriya və kurort müalicəsində olduqları dövrdə, həmçinin elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçasının tələblərinə düzgün əməl edilməməsi nəticəsində artıq əmək haqqı ödənildiyi müəyyən edilib.

Həmçinin keçən il ərzində malların (işlərin və xidmətlərin) satınalınması zamanı bir sıra hallarda qanunvericilik aktlarının tələblərinə əməl edilmədiyi, malların satınalınmasının açıq tender üsulu ilə keçirilməyərək ayrı-ayrı müqavilələrə bölünməklə satınalma metodunun dəyişdirildiyi, dəftərxana ləvazimatları, inventar və avadanlıqların baha qiymətə alındığı, əsaslı təmir işləri üçün artıq vəsait xərcləndiyi, anbarda maddi məsul şəxsin öhdəsində aktivlərin çatışmazlığı, beynəlxalq tədbirlərin keçirilməsi rəsmiləşdirilərkən müvafiq qaydalara riayət edilməyərək təsdiq olunan normalardan artıq tərcümə xidmətləri və yemək xərcləri, həmçinin yerinə yetirilməsi rəsmiləşdirilmiş əsaslı təmir işlərinin seçmə üsul ilə nəzarət ölçü qaydasında araşdırılması zamanı işlər faktiki yerinə yetirilmədiyi halda, iş həcmləri artırılaraq podratçılara artıq büdcə vəsaiti ödənildiyi müəyyən olunub.

Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi