Yuxarı

TQDK: İyulun 23-də otuz minə yaxın abituriyent II və III qrupa imtahan verəcək

İmtahanlar saat 11:00-da başlayacaq və 3 saat davam edəcək

Bakı. 21 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2016/2017‑ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən bu ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

TQDK-dan “Report”a verilən məlumata görə, imtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılacaq. İmtahanların idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2445 nəzarətçi-müəllim, o cümlədən zal nəzarətçisi qismində 88 nəfər ASAN Xidmətin könüllüləri cəlb olunacaq.

Komissiyadan bildirilib ki, bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb.

Məlumata görə, imtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə son baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

İmtahanda 29 196 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 16 197 abituriyent II qrup üzrə, 12 999 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 26 346 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 14 340, III qrup üzrə 12 006 nəfər), 2 850 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993 nəfər) məzunudur. Abituriyentlərin 13 391 nəfəri oğlanlar (II qrup üzrə 10110 nəfər, III qrup üzrə 3281 nəfər), 15 805 nəfəri isə qızlardır (II qrup üzrə 6087 nəfər, III qrup üzrə 9718 nəfər).

28 069 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 1117 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 198 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1976-cı ildən, ən gənci isə 2001-ci ildəndir.

Bakı şəhərində 12 858, Naxçıvanda 1 430, Gəncədə 3 769, Sumqayıtda 1 424, Mingəçevirdə 1 424, Şəkidə 1 748, Ağcabədidə 1 261, Göyçayda 1 320, Şirvanda 1 055, Lənkəranda 1 867, Xaçmazda isə 1 006 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 13-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi