I-IV ixtisas qruplarına 87 932 nəfər abituriyent sənəd verib

I-IV ixtisas qruplarına 87 932 nəfər abituriyent sənəd verib Sənəd verənlərin 38 810 qız, 41 552 nəfəri isə oğlandır
Elm və təhsil
4 May , 2015 13:17
I-IV ixtisas qruplarına 87 932 nəfər abituriyent sənəd verib

Bakı. 4 may. REPORT.AZ/ "Bu il ali məktəblərə qəbul olmaq üçün I-IV ixtisas qruplarına 87 932 nəfər abituriyent sənəd verib. Onlardan 54 475-i bu ilin, 33 457 nəfər əvvəlki illərin məzunlarıdır". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il imtahanlarda iştirak edəcək qızların və oğlanların sayı da fərqlidir: "Belə ki, sənəd verənlərin 38 810 qız, 41 552 nəfəri isə oğlan abituriyentlərdir. Cari ilin məzunları arasında oğlanlar Azərbaycan bölməsi üzrə 25 871 nəfər, rus bölməsi üzrə 2 901 nəfərdir. Əvvəlki illərin məzunları arasında isə Azərbaycan bölməsi üzrə oğlanların sayı 15 681 nəfər, rus bölməsi üzə 679 nəfərdir. Eyni zamanda, bu il rus bölməsi üzrə sənəd verən abituriyentlərin sayı 7 570 nəfərdir. Onlardan 5 669-cu bu ilin, 1 901- i isə əvvəlki illərin məzunlarıdır".

Ali məktəblərə sənəd verənlər arasında bu ilin məzunlarının üstünlük təşkil etdiyini deyən TQDK sədri əlavə edib ki, əvvəlki illərin məzunlarının attestatlarının olub-olmaması barədə TQDK-da məlumat yoxdur: "Onlar da hərbi xidmətə çağırış məsələlərinə görə SQK-lara müraciət ediblər. Lakin bu il bu sahədə yenilik var. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti elektron baza yaradıb. TQDK da bu bazaya inteqrasiya olunub. Bu il möhlət alan uşaqların və bunun əsasında ərizələrini təsdiqləyən abituriyentlərin sayı 765 nəfər olub. Onlardan 501-i elektron formatda bunu təsdiqləyib. İldən-ilə bu say artacaq. Hərbi qulluqdan qayıdan uşaqlar barədə məlumat bu bazaya daxil olandan sonra gələcəkdə bu işlər tam avtomatik qaydada həyata keçiriləcək". 

Onun sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarında iştirak edəcək abituriyentlər aprel ayından etibarən keçirilən sınaq imtahanlarında iştirak ediblər: "Bu müddət ərzində təxminən 200 minə yaxın insan bu sınaq imtahanlarında iştirak edib. 57 regionda imtahan keçirilib. 2 074 nəfər virtual sınaq imtahanlarına qatılıb. Sınaq imtahanlarında fərd kimi iştirak edən 75 483 nəfərdən yalnız 50 872-i I və IV qruplara sənəd verib. Sınaq imtahanlarında iştirak edən 25 min nəfər isə ali məktəblərə sənəd verməyib. Məsələni araşdırdıq və məlum oldu ki, sınaq imtahanlarında çox zaman 10-cu sinif şagirdləri də iştirak edərək öz biliklərini sınayırlar. Halbuki onların hələ 1 il vaxtları var. Sınaq imtahanlarında iştirak edənlərdən 42 291-i bu ilin məzunu, 8 mini isə əvvəlki illərin məzunlarıdır. Hələlik əlimizdə olan 3 sınaq imtahanlarının nəticəsinə əsasən deyə bilərik ki, abituriyentlərin bilik səviyyələri əvvəlki illərlə eynidir". 

Son xəbərlər

Orphus sistemi