Yuxarı

İtalyanın Kinetic Technology International Şirkəti BANM ilə əməkdaşlıq edəcək

Şirkətin vitse-prezidenti, Azərbaycan nümayəndəliyinin rəhbəri və şirkətin sədri Bakı Ali Neft Məktəbində olub

Bakı. 3 iyun. REPORT.AZ/ İtalyanın Kinetic Technology International şirkətinin vitse-prezidenti Qaetano İaquaniello, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Heilpern Nikkolo və şirkətin sədri Cianni Bardazzi Bakı Ali Neft Məktəbində olub (BANM) və Ali Məktəbin rəhbərliyi ilə görüş keçiriblər.

Bu barədə "Report"a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov qonaqları Ali Məktəbin hazırkı və gələcək fəaliyyət istiqamətləri, yeni kampusu və beynəlxalq əlaqələri haqqında məlumatlandırıb. O, Azərbaycan və İtaliya arasında əlaqələrinin yüksək səviyyəndə olduğunu bildirərək BANM-in İtaliya universitetləri və şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Tədris prosesinin beynəlxalq proqramlar əsasında ingilis dilində həyata keçirildiyini qeyd edən rektor BANM-də tədrisin ən müasir texnologiyalar vasitəsi ilə istehsalatla sıx əlaqədə təşkil olunduğunu deyib. Elmar Qasımov Kinetic Technology International Şirkəti və BANM arasında əməkdaşlıq potensialının yüksək olduğunu bildirib və bu istiqamətdə işlərin aparılmasına hazır olduğunu deyib.

Qonaqlar təmsil etdikləri şirkət haqqında məlumat veriblər. Kinetic Technology International şirkətinin karbohidrogenlər sənayesi, emal mühəndisliyi, proses mühəndisliyi, sintetik qazlar, hidrogen istehsalı və istifadəsi sahəsində ixtisaslaşdığını qeyd edən vitse-prezident Qaetano İaquaniello şirkətin, həmçinin İtaliya ali təhsil müəssisələrinin inkişafına və elmi tədqiqat layihələrinin həyata keçirilməsinə dəstək olduğunu bildirib. Dünyanın 36 ölkəsində, Azərbaycanda isə SOCAR Polymer layihəsi çərçivəsində fəaliyyət göstərdiklərini nəzərə çatdıran Q. İaquaniello BANM-lə elmi tədqiqatlar, tələbə mübadiləsi və ömürboyu təhsil proqramları, eləcə də Avropa İttifaqının elm və təhsil proqramları çərçivəsində əməkdaşlıq etməyi təklif edib. Q.İaquaniello rəhbərlik etdiyi şirkət adından BANM-in İtaliya universitetləri ilə də təhsil əlaqələrinin yaradılması, şirkət mütəxəssislərinin BANM-də mühazirələrinin təşkili, tələbələrin şirkətin Milan və Romada yerləşən müəssisələrində praktika keçmək və orada elmi işlərin hazırlanmasına dəstək göstərilməsi istiqamətində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Sonda rektor Elmar Qasımov Kinetic Technology International şirkətinin vitse-prezidenti Qaetano İaquanielloya Ali Məktəbin “Fəxri qonaq” diplomunu təqdim edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi