İsveçdə Azərbaycan multikulturalizmi fənninin tədrisinə başlanılıb

İsveçdə Azərbaycan multikulturalizmi fənninin tədrisinə başlanılıb Hindistan, Cənubi Koreya, Serbiya, Fransa və Rumıniya universitetləri ilə danışıqlar aparılır
Elm və təhsil
27 Oktyabr , 2017 14:00
İsveçdə Azərbaycan multikulturalizmi fənninin tədrisinə başlanılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ İsveçin Malmö Universitetinin Qafqazşünaslıq bölməsində Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslərə başlanılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən "Report"a verilən məlumata görə, dərslərin təşkili barədə razılıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Malmö Universitetinin Qafqazşünaslıq bölməsi arasında bu ilin fevral ayında rəsmiləşdirilib.

Fənni Malmö Universitetində Bakı Dövlət Universitetinin professoru Kazım Əzimov tədris edir. Tədrisə hazırlıqlara avqust ayından start verilib. Dərslər ingilis dilində keçirilir. Universitetin magistrlərindən ibarət qrupda seçmə fənn kimi tədris edilən Azərbaycan multikulturalizminin tədrisi prosesində isveçlı tələbələrə ölkəmizdəki multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərimiz, müxtəlif etnik kökə və fərqli dini etiqada malik insanların əsrlərdir dinc yanaşı yaşaması haqqında ətraflı məlumat veriləcək. Kurs dekabrın sonunda yekunlaşacaq.

Hazırda Hindistan, Cənubi Koreya, Serbiya, Fransa və Rumıniya universitetləri ilə gələcəkdə tədrisin təşkili ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, hazırda layihə çərçivəsində Azərbaycanın 40, dünyanın 17 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir.

Son xəbərlər

Orphus sistemi