Yuxarı

İstedadlı uşaqlar, xüsusi siniflər və gələcək peşələrini seçənlər - REPORTAJ

İstedadlı uşaqlar, xüsusi siniflər və gələcək peşələrini seçənlər
Bu məktəbdə ilk dəfə olaraq VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə təbiət elmləri təmayüllü siniflər açılıb

Təhsil Nazirliyi bir qrup jurnalistin və ictimaiyyət nümayəndəsinin Biləsuvar və Masallı rayonlarına səfərini təşkil edib.

“Report”un əməkdaşının da qatıldığı mediatur iştirakçıları əvvəlcə Biləsuvar şəhəri 1 nömrəli tam orta məktəbdə olublar.

Bu məktəbdə ilk dəfə olaraq bu tədris ilindən etibarən VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə təbiət elmləri təmayüllü xüsusi sinifləri fəaliyyətə başlayıb.

Nazirlik istedadlı uşaqlar axtarışında

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə 2018-2019-cu tədris ilindən ümumtəhsil məktəblərində VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə isə təbiət elmləri təmayüllü xüsusi siniflər yaradılıb.

Onun sözlərinə görə, hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir: “Ümumilikdə, 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir. Bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığını təmin etməkdir”.

Şöbə müdiri qeyd edib ki, həmin siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir: “Xüsusi siniflərə dərs deyən müəllimlər şəhər (rayon) üzrə müvafiq fənndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir. Layihə nəticəsində yekun göstəricilər kifayət qədər yaxşıdır. Bəzi çatışmazlıqlar da var. Belə siniflərdə 15 şagird olmalıdır. Lakin valideynlər bəzən övladının məktəbini dəyişməyə tərəddüd edirlər, yaxud şagird özü sinfini dəyişmək istəmir. Bu da siniflərin komplektləşdirilməsinə problem yaradır. Dərs vəsaitlərinin təminatı il bağlı daimi işlər görülür”.

İstedadlı uşaqların yüksək bal toplamış müəllimi

Məktəbin VIII sinif üzrə təbiət elmləri təmayüllü xüsusi sinfin Fizika fənninin tədrisi ilə məşğul olan müəllimi Gültəkin Əliyeva 22 ildir bu təhsil ocağında işləyir. Özü də əla qiymətlərlə bu məktəbin məzunu olub. Müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanlarından 51 bal toplayaraq bu məktəbdə istedadlı şagirdlərə dərs demək hüququ qazanıb. Təbiət fənləri təmayüllü VIII sinifdə 26 istedadlı şagirdə dərs deyir.

O deyib ki, şagirdlərin təbiət elmləri fənlərinə maraqları, elmi potensialları digər paralel siniflərə nisbətən daha fərqli və üstündür: “Şagirdlərin məntiqi və yaradıcı təfəkkürlərinin formalaşması üçün müxtəlif təlim vasitələrindən istifadə edirəm. Bu pilot layihəni bəyənir və dəstəkləyirəm. Ümid edirəm ki, bu layihə gələcəkdə şagirdlərin daha mükəmməl biliyə malik olmasına, elmi tədqiqat bacarıqlarının formalaşmasına köməklik göstərəcək. Uşaqlar daha çox əyaniliyə meylli olsunlar deyə elektron resurslardan, çətinliyi artırılmış məsələ kitablarından istifadə edir, eləcə də praktik işləri çox aparıram. Digər paralel siniflərdə həftədə iki dəfə şagirdlərlə görüşürəmsə, bu sinifdə həftədə 4 saat dərs deyirəm. Ona görə də bir mövzu ətrafında daha geniş məlumat verə bilirəm. Sinif aktiv fəaliyyətə malikdir. Məndən çox şagirdlər çalışır. Həftədə 4 saat istedadlı şagirdlərə dərs demək mənə müsbət enerji verir”.

Dərs vəsaiti çatışmazlığı var

Həmin sinfin şagirdi Zəhra Qurbanlı həkim olmaq üçün IV ixtisas qrupuna sənəd verməyi düşünür: “Həmin qrupda da təbiət elmləri üstünlük təşkil etdiyindən bu sinifdə oxumağı seçmişəm. Aşağı siniflərdə də qiymətlərim həmişə yaxşı olub. Təmayüllü siniflərdə bizə lazım olan fənlərin dərs saatları daha çoxdur. Bu da mənə xeyirdir. Daha çox məlumat alıb dərsləri yaxşı qavraya bilirik. Müəllimlər həmişəki müəllimlər olsalar da, daha çox dərs saatı verildiyinə görə dərsləri daha rahat başa sala bilirlər”.

Zəhranın sinif yoldaşı Sarıgül Seyfullayeva isə I ixtisas qrupu üzrə imtahan verməyi planlaşdırdığından bu sinfi seçdiyini deyib: “Fizika üzrə fənn müsabiqələrində iştirak etmişəm və yaxşı nəticə əldə etmişəm”.

VII sinif üzrə riyaziyyat-informatika təmayüllü xüsusi sinifdə Riyaziyyat fənninin tədrisi ilə Nailə Mənsimli məşğul olur. Həmin məktəbdə 12 ildir işləyən N.Mənsimli müəllimlərin diaqnostik qiymətləndirmə imtahanlarında 49 bal toplayıb.

O qeyd edib ki, sinifdə olan şagirdlər V sinifdən etibarən təbiət elmləri üzrə təşkil olunan olimpiadalarda iştirak edirlər: “Həmin müsabiqələrdə nəticə göstərənlər də məhz bu sinifdə toplaşıb. Dərsdə həm V, VI siniflərin təkrarı edilir. Hətta VII, VIII və IX siniflərin mövzuları da tədris olunur. Həftədə 7 saat Riyaziyyat fənni keçilir. Elə günlər də olur ki, 2 saat Riyaziyyat fənni öyrədilir. Şagirdlərin nəticələri də normaldır. Olimpiadalara hazırlaşmaqda çətinliyimiz vəsaitlərin az olması ilə əlaqəlidir. Şagirdlər də olimpiadalarda iştirak etməyə çox həvəslidir”.

Həmin sinfin şagirdi Şəmsi Mehdizadə Riyaziyyat fənninə marağı olduğunu və II qrupa hazırlaşmaq istədiyindən bu sinfi seçdiyini söyləyib: “İxtisas seçiminə hələ var, o zamana kimi dəqiq seçim edəcəyəm. Atam sürücü, anam evdar qadındır. Valideynlərim də oxumağımı çox istəyir və riyaziyyata marağımı da görüb mənə dəstək olurlar. Siniflər arası Fizika fənnindən açıq dərslərdə həmişə yaxşı nəticə göstərirəm”.

Mediatur daha sonra Masallı rayonu Mahmudavar kənd və Masallı şəhəri 4 nömrəli tam orta məktəblərə davam etdirilib, bu ümumi təhsil müəssisələrində yaradılan icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq olub.

Avropa İttifaqının Masallı təhsilinə dəstəyi

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin meneceri İlahə Rəsulova bildirib ki, hər iki icma əsaslı məktəbəqədər təhsil qruplarında 3-4 yaşlı 20 uşaq dörd gün ərzində iki saatlıq məşğələlərə cəlb olunur.

O qeyd edib ki, 2019-cu ilin oktyabr ayından Təhsil Nazirliyinin dəstəyi ilə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” və 2017-ci ildən “UNİSEF Azərbaycan” və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən “İcma qruplarının iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması” layihələri həyata keçirilir. İcma əsaslı məktəbəqədər təhsil qrupları Masallı da daxil olmaqla ölkənin 33 bölgəsində yaradılıb.

Layihə çərçivəsində bölgələrdəki ucqar kənd və sərhəd zonaları da daxil olmaqla ümumlikdə 321 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Bu qrupların hər birində orta hesabla 20 nəfər 3-4 yaşlı uşaq olmaqla ümumilikdə 6212 nəfərə yaxın uşaq təhsil alır. 

Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanan proqram əsasında keçirilir. Proqramda uşaqların sosial emosional, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişaf dinamikası izlənilir.

Bildirilib ki, 2020-2021-ci tədris ilindən daha 250 icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak ediblər.

Mediaturun məqsədinə gəlincə, sözügedən bölgələrin ümumtəhsil məktəblərində təşkil olunan istedadlı uşaqlar üçün xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıq olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi