Yuxarı

İstanbulda ​AzeDer-in 1 yaşı münasibətilə tədbir keçirilib

Mərasimdə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, deputatlar iştirak edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) fəaliyyətə başlamasının bir illiyi İstanbulda qeyd olunub. “Report”un məlumatına görə, mərasimdə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, iş adamları, elm, təhsil və mədəniyyət sahələrinin təmsilçiləri, qardaş ölkədə təhsil alan tələbələrimiz, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir sentyabrın 26-da Türkiyədə avtomobil qəzasında həyatlarını itirən üç azərbaycanlı tələbəni yad etmək məqsədi ilə bir dəqiqəlik sükutla başlayıb.

Tədbirdə AzeDer-in sədri Rəşad Abdullayevin hesabat məruzəsi dinlənilib. Hesabat məruzəsinin sonunda Türkiyənin Uşak şəhərində azərbaycanlı tələbələrin avtomobil qəzasına uğramasından çox təsirləndiyini bildirən Abdullayev həlak olanların ailələrə başsağlıgı verib, yaralıların isə tezliklə sağalmasını arzulayıb, AzeDer olaraq maddi-mənəvi dəstək verməyə həmişə hazır olduqlarını vurğulayıb. Sədr məlumat verib ki, rəhbərlik etdiyi təşkilatın missiyası azərbaycanlı gənclərin şəxsi karyera qazanmasına dəstək vermək, onların bilik, təcrübə və fikirlərini xarici ölkə gəncləri ilə paylaşmaq, azərbaycanlı gənclərin sosial həyatını inkişaf etdirən layihələr həyata keçirmək kimi mühüm istiqamətlərdir. Sədr bir illik fəaliyyətlərinin nəticəsi olaraq, daha çox azərbaycanlı gənclərin şəxsi karyera inkişafına dəstək olduqlarını vurğulayaraq, bundan sonra İNDEX – Azərbaycanın İnsan Kapitalı İnkişafı Mərkəzi olaraq fəaliyyət göstərəcəklərini bildirib. Bu məqsədlə Azərbaycanın insan kapitalı inkişafına öz kiçik töhfələrini verməyə çalışacaqlarını vurğulayıb.

Çıxışdan sonra təşkilatın fəaliyyətini əks etdirən film nümayiş olunub.

Daha sonra qonaqlara İnsan Kapitalı haqqında məlumat verən qısa film nümayiş olunub. Filmdə İnsan Kapitalının İnkişafının zəruriliyi vurğulanaraq, ümummilli lider Heydər Əliyevin gənclər və təhsil islahatlarından bəhs edilib. Bildirilib ki, 1969-1970-ci dərs ilində respublikadan kənarda cəmi 47 nəfər təhsil aldığı halda, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olub. Respublikadan kənarda Azərbaycanı təmsil edən tələbələrin sayının da sürətlə çoxaldığının vurğulandığı videoçarxda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” ideyasının da reallığa çevrildiyi qeyd edilib.

AzeDer-in bir illik fəaliyyəti və məqsədlərini yüksək qiymətləndirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi gənclər və təhsil siyasətinin ayrı-ayrı istiqamətləri və onun yüksək nəticələrindən bəhs edərək, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə bu istiqamətdə həyata keçirdiyi dövlət proqramları və onların bəhrələri barədə ətraflı məlumat verib. TBMM-nin deputatı Mustafa Kabakcı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri İlham Nağıyev, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Nəcibə Nəsibova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışlarında AzeDer-in bir illik fəaliyyətini yüksək dəyərləndirərək, təşkilata gələcək işində uğurlar arzulayıblar. Qeyd olunub ki, təşkilat Azərbaycan və Türkiyə gənclərinin daha da yaxınlaşması istiqamətində də səmərəli fəaliyyət göstərir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran natiqlər milli qeyri-hökumət təşkilatlarının cəmiyyətimizin inkişafında oynadığı roldan və QHT-lərin inkişafına göstərilən dövlət qayğısının əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan özünün uğurlu gənclər siyasəti ilə dünya ictimaiyyətinə yeni bir inkişaf modeli təqdim edib. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda əsaslı təhsil islahatları aparılır, beynəlxalq standartlara cavab verən yeni-yeni təhsil müəssisələri yaradılır, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaları üçün Dövlət proqramları həyata keçirilir, eyni zamanda, xarici tələbələrin Azərbaycanda oxumaları təmin edilir. Dövlətimiz ardıcıl və məqsədyönlü gənclər və təhsil siyasəti ilə vətəndaşlarımızın müasir tələblərə uyğun bilik alması və yüksək keyfiyyətlərlə formalaşması istiqamətində QHT-lər üçün də düzgün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dəyərli töhfələr verməkdədir.

Tədbirin sonunda AzeDer-in təşkilatçılığı ilə Avropa ölkələrində yerləşən aparıcı şirkətlər və beynəlxalq qurumlarda təcrübə keçən tələbələrə sertifikatlar təqdim olunub. BP, STATOIL, PWC, Avropa Parlamenti, UNIDO (Sənaye İnkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı) kimi dünyanın öndə gələn şirkət və qurumlarında staj keçən azərbaycanlı gənclərə sertifikatlar Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimiayyətlə əlaqələr şöbəsinin müdiri Azad Cəfərov tərəfindən təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi