Yuxarı

İsrail alimləri azərbaycanlı həmkarlarının təcrübəsindən istifadə edirlər

Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyətinin İsrailə səfəri davam edir

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyətinin İsrailə səfəri davam edir. 

"Report" xəbər verir ki, səfərin Qüds şəhərində sonuncu günündə akademik Akif Əlizadə və onu müşayiət edən AMEA-nın vitse-prezidenti İbrahim Quliyev və Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov İsrailin Xarici İşlər Nazirliyinin (XİN) baş katibinin müavinləri Rafael Qamzo və Zvi Rav-Ner ilə görüşüb. 

İsrail XİN-in Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Dan Stavın iştirakı ilə keçirilən görüşdə iki ölkənin alimləri arasında əməkdaşlıq, tələbə mübadiləsi və digər məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Təl-Əviv şəhərində yerləşən ölkənin ali təhsil müəssisəsi və çoxprofilli elmi-tədqiqat ocağı olan Veytsman adına İnstitutda da görüşlər keçirib. Bildirilib ki, institutda riyaziyyat, fizika, kimya, biologiya, informatika, həmçinin nevrologiya və beyin araşdırmaları sahələrində tədqiqat bölmələri fəaliyyət göstərir. Bundan əlavə, ali təhsil müəssisəsində ikinci və üçüncü akademik dərəcə almaq arzusunda olan tələbələri qəbul edən Faynberq adına Ali məktəb də fəaliyyət göstərir. 

Alimlərimiz institutun auditoriya və laboratoriyaları ilə tanış olub. Qonaqlara institutda ötən əsrin 50-ci illərinin əvvəllərində yaradılan ilk kompüterlərdən biri də nümayiş etdirilib.

Daha sonra nümayəndə heyətinin iştirakı ilə İsrailin ən böyük ali təhsil müəssisələrindən biri sayılan Təl-Əviv Universitetində görüş keçirilib, həmçinin universitetin 9 fakültəsində 25 mindən artıq tələbənin təhsil aldığı qeyd edilib.

Görüşdə İsrailin faydalı qazıntıları haqqında maraqlı mühazirə dinlənilib. Mühazirədə vurğulanıb ki, İsrail alimləri karbohidrogen axtarışı zamanı Azərbaycan alimlərinin təcrübəsindən də istifadə edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi