İqtisad Universitetində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb

İqtisad Universitetində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb Magistrlara UNEC diplomu ilə yanaşı Türkiyənin müvafiq universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub
Elm və təhsil
3 Dekabr , 2015 10:18
İqtisad Universitetində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb. UNEC-dən "Report"a verilən xəbərə görə, mərkəzin ümumi, təlim, tədris və imtahan haqqında əsasnamələri ali məktəbin Elmi Şurasında təsdiq edilib.

Məlumata görə, mərkəzin yaradılmasında məqsəd UNEC-də müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində həyata keçiriləcək tədris prosesinə xarici universitetlərin professor-müəllim heyətinin cəlb edilməsi də planlaşdırılır. Mərkəzdə magistrantların tədrisi 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçiriləcək.

UNEC-də hazırda tədris olunan ingilis dilində maliyyə, türk dilində biznesin təşkili və idarə olunması, eləcə də beynəlxalq münasibətlər və diplomatiya, turizm və hotelçilik ixtisasları Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində tədris ediləcək.

Türkiyənin nüfuzlu universitetlərilə əldə edilən razılığa əsasən, UNEC-də tədrisi təşkil edilən üç ixtisas - biznesin təşkili və idarə olunması, beynəlxalq münasibətlər və diplomatiya, turizm və hotelçilik ixtisasları üzrə təhsil alan magistrlara UNEC diplomu ilə yanaşı Türkiyənin müvafiq universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, UNEC-lə ODTÜ, Qazi, Hacettepe, Bilkənd, TOBB universitetləri arasında 2015-ci ilin sentyabrında ikili diploma dair memorandum imzalanıb.

Son xəbərlər

Orphus sistemi